Azərbaycan, Bakı, 23 yanvar /Trend müxbir A. Məmmədova/
"Eurovision-2012" mahnı müsabiqəsinin Türkiyədən olan iştirakçısı Can Bonomo ümid edir ki, müsabiqə ona çoxlu dost və əvəzsiz təcrübə qazanmağa imkan verəcək.
"Mən indiyə qədər Bakıda olmamışam. Buna görə də ikiqat həyəcanlıyam. Tezliklə Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq və yeni dostlar tapmaq istəyirəm. Ümid edirəm ki, Bakı bizə öz qonaqpərvərliyini göstərəcək", - Can Bonomo bazar ertəsi Trend-ə bildirib.
2012-ci ildə 57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.
Bonomo qeyd edib ki, TRT telekanalının "Eurovision"da onun təmsil edəcəyi haqqında qərar verməsi özü üçün sürpriz olub. Halbuki Türkiyə estradasının Hande Yener, Murat Boz, Atiye kimi ulduzları namizəd olub.
"Düşünürəm ki, telekanalın rəhbərliyi türk pop-musiqisinə alternativ olan nə isə başqa bir şey istəyib", - Bonomo vurğulayıb.
Onun "Eurovision"da qarşıdakı çıxışına gəlincə, türkiyəli iştirakçı vurğulayıb ki, hazırda səhnə çıxışının konsepsiyası hazırlanır.
Onun sözlərinə görə, çoxsaylı ideyaların mövcudluğuna baxmayaraq, onlar müsabiqə kompozisiyası hazır olduqdan sonra özlərinin konkret cizgilərini tapacaqlar.
"Bizim mahnımız milli alətlərimizin müşayiəti altında ifa ediləcək. İstəyirik ki, o, bütün mənada qüsursuz və mükəmməl olsun. İnsanları rəqs edə bilməyə məcbur etmək üçün mahnıda pop-musiqisi və zərb alətlərindən normal qaydada istifadə ediləcək", - Bonomo deyib.
O qeyd edib ki, "Eurovision"da təmsilçilik məhz ona etibar edildiyinə görə böyük qürur hissi keçirir.
"Mən özümə və işimə inanıram. Düşünmürəm ki, nə isə istədiyim kimi olmayacaq", - türkiyəli müğənni bildirib.
Can Bonomo yəhudi əsilli türkiyəli caz müğənnisidir. 1987-ci ildə İzmirdə anadan olub. 8 yaşından oxumağa başlayıb. 17 yaşında İstanbula gəlib. Radioda onun ilk çıxışı kollecdə oxuduğu illərə təsadüf edib. O, ardından televiziyada çıxış etməyə başlayıb.