Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Miqrasiya orqanlarına işə qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.
Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, Xidmətdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test imtahanından müvəffəqiyyətlə keçərək, təlim kuslarını uğurla başa vurmuş dinləyicilərin andiçmə mərasimi keçirilib.
Dövlət bayrağı önündə Azərbaycan Respublikasına sadiq olacaqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edəcəklərinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacaqlarına, qarşıya qoyulan vəzifələri vicdanla, qərəzsiz yerinə yetirəcəklərinə, intizamlı olacaqlarına, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına sədaqət andı içən dinləyicilərə mərasimin sonunda təlim kursunu müvəffəqiyyətlə bitirmələri barədə müvafiq vəsiqələr, həmçinin miqrasiya orqanları əməkdaşlarının xidməti vəsiqələri təqdim olunub.
Mərasimdə Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev miqrasiya orqanlarına qulluğa qəbul edilmiş əməkdaşları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.