...

Bakıdan şəhərlərarası və beynəlxalq avtobus reysləri dayandırılıb

Cəmiyyət Materials 2 Fevral 2012 10:44 (UTC +04:00)
Bakıda cümə günü ictimai nəqliyyat vasitələrindən 720 avtobus xəttə çıxsa da, onlardan 300-ə yaxını yollarda qalıb.
Bakıdan şəhərlərarası və beynəlxalq avtobus reysləri dayandırılıb

Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir E.İsmayılov/

Bakıda cümə günü ictimai nəqliyyat vasitələrindən 720 avtobus xəttə çıxsa da, onlardan 300-ə yaxını yollarda qalıb. Bu barədə Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, taksilər işləyirlər.

Həsənov deyib ki, hazırda nazirliyin yol xidməti yolların təmizlənməsi üçün bütün səyləri göstərir, lakin güclü buzlaşma səbəbi ilə texnika paytaxtın enişli-yoxuşlu yerlərində işləyə bilmir.

O qeyd edib ki, ötən həftə sonu havanın pisləşməsi zamanı 70 avtobus qəzalarda deformasiyaya uğrayıb.

Pis hava şəraiti, həmçinin şəhərlərarası və beynəlxalq avtobus reyslərinin də həyata keçirilməsinə mane olub. Bu barədə Trend-ə Bakı Beynəlxalq Avtovağzalından bildirilib.

Qeyd edilib ki, bu gün səhərdən pis hava şəraiti ilə əlaqədar paytaxtdan heç bir avtobus yola çıxmayıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Moskva-Bakı qatarı paytaxta vaxtında çatıb, Bakı-Xarkov reysi axşam saat 22:30-da yola düşəcək.

Daxili reyslərdən Astara, Horadiz və Balakəndən gələn qatarlar Bakıya vaxtında çatıb. Ağstafa-Bakı, Qazax-Bakı, Tbilisi-Bakı reysləri bir saat gecikmə ilə stansiyaya daxil olacaqlar.

Bu gün səhər Bakı-Astara elektrik qatarı və Bakı-Gəncə ekspress qatarı yola düşüb.

Bütün qatarlarda isitmə sistemləri işləyir.

Xəbər lenti

Xəbər lenti