...

Kitabxanalarda Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcək

Cəmiyyət Materials 7 Fevral 2012 11:00 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Xocalı soyqırımının iyirminci ildönümünün qeyd edilməsi ilə bağlı şəhər, rayon kitabxanalarına göstəriş verib.
Kitabxanalarda Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 7 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Xocalı soyqırımının iyirminci ildönümünün qeyd edilməsi ilə bağlı şəhər, rayon kitabxanalarına göstəriş verib.

Trend-in çərşənbə axşamı nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, kitabxanalar Xocalı soyqırımı ilə əlaqədar anım tədbirləri, "dəyirmi masalar" və görüşlər keçirməli, kitab və fotosərgilər təşkil etməlidirlər.

Tədbirlərin keçirilməsi barədə məlumatlar mərkəzi kitabxanaların veb-saytlarında yerləşdirilməlidir.

Görülən işlər barədə 15 gün müddətində Nazirliyin Kitabxana sektoruna (e-ünvan: [email protected]) məlumat verilməlidir.

1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırım aktı həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Xəbər lenti

Xəbər lenti