Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir M.Əliyev/
Bakıda 10 dərəcə şaxtanın qeydə alınması orta məktəblərdə dərslərin dayandırılmasına dair əmr verilməsinə səbəb olmayacaq. Bunu cümə axşamı Trend-ə təhsil nazirinin müavini Qulu Novruzov deyib.
Onun sözlərinə görə, istilik sistemi olan məktəblərdə dərslər davam etməlidir.
"Hansı məktəblərdə ki, istilik sistemi və lazımi şərait var, orada dərslər davam etməlidir. Dərs buraxmaq şagirdlər üçün müəyyən proqramların mənimsənilməsinə əngəl törədir", - nazir müavini əlavə edib.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə çərşənbə günü Trend-ə bildirmişdi ki, məktəblərə yaxın yaşayan şagirdlər təhsilini davam etdirə bilərlər, lakin məktəbdən uzaqda yaşayan və nəqliyyat problemi olanlar hava şəraitinin şaxtalı olması ilə əlaqədar dərsə gəlməyə bilərlər.