Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir İ.İsabalayeva/
Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) ötən ilin fevralın 24-dən ilin sonuna kimi 7297 müraciət daxil olub.
Trend-in çərşənbə axşamı Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətlərin 3682-si şikayət olub. Onların 908-i əsaslı, 2774-ü isə əsassız hesab edilib.
Ümumilikdə müraciətlərin 2049-u sorğu xarakterli olub, 403-ü aidiyyəti üzrə olmayıb, 1163-ü isə cari problemlərlə bağlı olub.
"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.