Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında hazırlanmış Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksinə (Environmental Performance İndex) əsasən, iqlim dəyişikliyi bəndi üzrə son illərdəki fəaliyyətə görə Azərbaycanın 1-ci, mövcud vəziyyətə görə isə 67-ci yeri tutmasının səbəbini açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Rza Mahmudov çərşənbə axşamı Trend-ə deyib ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının istilik effekti yaradan qazların tullantılarının azaldılması üzrə kəmiyyət öhdəliyi götürməyən tərəfdir. Amma son illər iqtisadiyyatın intensiv inkişafına baxmayaraq, ölkəmiz tullantıları 1990-cı baza ilindəki 70 milyon tondan 48 milyon tona endirib. Buna ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması da daxil olmaqla, davamlı inkişaf prinsiplərinə böyük önəm verilməsi nəticəsində nail olunub. Ümumilikdə, Kioto prosesi başlandıqdan bəri istilik effekti yaradan qazların tullantılarının təxminən 500 milyon ton azaldılmasına müvəffəq olunub.
"Bu həcm inkişaf etmiş böyük bir Avropa dövlətinin, misal üçün, İspaniyanın illik emissiyasına bərabərdir", - Mahmudov əlavə edib.
O deyib ki, alternativ enerji sektorunun inkişafı prioritet istiqamət kimi seçilib, ildə 30 meqavat gücündə günəş panellərinin istehsalı zavodu istifadəyə verilib, hibrid enerji layihəsi həyata keçirilib.
Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ərazisində iqlim dəyişmələrinin tədqiqi, buradakı buzlaqların iqlim dəyişmələri ilə əlaqədar dinamikasının, həmçinin bu ərazidəki ekosistemin kompleks öyrənilməsi məqsədilə "Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi" yaradılıb. Tufandağın zirvəsində, Şahdağda və Şahdüzundə avtomat meteoroloji stansiyalar quraşdırılıb və enerji tələbatı alternativ enerji hesabına təmin olunub.
Mahmudov həyata keçirilən bütün bu tədbirlərin nəticələrinin reytinqdə nəzərə alındığını söyləyib.