...

Azərbaycanın baş pediatrından valideynlərə xəbərdarlıq

Cəmiyyət Materials 21 Fevral 2012 13:47 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi və ölkənin baş pediatrı valideynlərə bəzi qidalardan istifadə edən zaman ehtiyatlı olmağı tövsiyə edib.
Azərbaycanın baş pediatrından valideynlərə xəbərdarlıq

Azərbaycan, Bakı, 21 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi və ölkənin baş pediatrı valideynlərə bəzi qidalardan istifadə edən zaman ehtiyatlı olmağı tövsiyə edib.

Azərbaycanın baş pediatrı, Kübra Fərəcova adına Elmi-Tədqiqat və Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev çərşənbə axşamı Trend-ə bildirib ki, çipsi, çubuqlar və tünd qazlı içkilərdən uşaqların istifadə etməsi məsləhət deyil. Çünki onların tərkibində müxtəlif konsentrant (meyvə tamı verən maddələr), konservant var.

"Biz tərəfdarıq ki, bütün uşaqlara təzə hazırlanmış qidalar verilsin. Yeməklər də hazırlanarkən təzə qida məhsullarından istifadə edilsin. Konservləşdirilmiş , yaxud hazırlanıb aylarla, həftələrlə piştaxtalarda qalan qidalar əlbəttə ki, uşaqlara məsləhət görülmür", - baş pediatr əlavə edib.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma bölməsinin müdiri İmran Abdullayev isə çərşənbə axşamı Trend-ə deyib ki, tünd qazlı içkiləri, çipsi və çubuqların uşaqların sağlamlığına müəyyən zərərləri var. Onlara qida, dadverici əlavələr qatıldığı üçün uşaqların bu qidalardan həddindən artıq çox istifadə etməsi məsləhət deyil. Allergik reaksiyalara həssas olan uşaqlar isə daha ehtiyatlı olmalıdırlar. Çünki bu qidalar uşaqlarda allergik reaksiyalar yarada bilər.

"Çipsi və çubuqlar müxtəlif dadlarda olur. Bunun üçün onlara müxtəlif dadverici qatqılar əlavə edilir. Buna görə də müəyyən dadverici maddələrə həssas olan uşaqlar bunlardan istifadə etməməlidir. Çünki bu qidalar uşaqların immun sistemini oyadır, allergik reaksiyanı artırır. Bu qidalar uşaqlarda narahatlıq, mədə-bağırsaq pozğunluğu yarada bilər", - Abdullayev bildirib.

O deyib ki, çipsinin hazırlanması üçün istifadə edilən kartof tozunun kimyəvi göstəriciləri norma daxilində olmalıdır. Bu qidanın qablaşdırılmasına, saxlanma rejiminə, eyni zamanda istifadə qaydalarına düzgün riayət olunmalıdır. İndiyədək aparılan yoxlamalar zamanı Azərbaycanda çipsi ilə əlaqədar xüsusi narahatedici faktlar aşkarlanmayıb. Amma çipsinin hazırlanma və saxlanma rejiminə düzgün əməl olunmazsa və ya onların tərkibinə əlavə edilən qatqılarda hər hansı problem yaranarsa, çipsilərin satışının dayandırılması mümkündür.

Mərkəz rəsmisinin sözlərinə görə, Azərbaycanda satışa çıxarılan çipsilər həm yerli, həm də xarici ölkələrin istehsalıdır. Onların əksər hissəsi Azərbaycana xarici ölkələrdən idxal edilir.

Adıçəkilən qidaların uşaqların orqanizminə qurd salması barədə söylənilən fikirlərə gəldikdə isə baş pediatr deyib ki, çipsi, çubuq və qazlı içkilər uşaqların orqanizminə qurd salmır. Amma qidalar qurd yumurtaları ilə çirklənibsə, uşaq qurd xəstəliyinə yoluxa bilər. Umumiyyətlə isə qurd uşağa digər xəstə uşaqdan yoluxur. Yoluxma əsasən çirkli əllər vasitəsilə baş verir.

Xarab olmuş, yəni tərkibində canlı bakteriya olan qidalar da uşaqları infeksiyaya yoluxdura bilər.

Xəbər lenti

Xəbər lenti