...

Azərbaycanda əlil uşaqların təhsili ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb

Cəmiyyət Materials 28 Fevral 2012 16:55 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi 2012-2019-cu illər üzrə İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramının layihəsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edilib.
Azərbaycanda əlil uşaqların təhsili ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 2012-2019-cu illər üzrə İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramının layihəsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edilib. Bunu çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva deyib.

Onun sözlərinə görə, proqram həyata keçirilsə, ölkədə əlilliyi olan uşaqların təhsilinin təşkili ilə bağlı bütün problemlər aradan qalxacaq. Belə ki, proqramda məktəblərin əlilliyi olan uşaqlar üçün əlçatan olmasını nəzərdə tutan bütün infrastuktur dəyişiklikləri nəzərdə tutulur.

Bununla yanaşı, hazırkı mövcud kurikulumlara sağlamlıq imkanları məhdud uşaqların dərk edə və yararlana biləcəyi şəkildə dəyişiklik edilməsi, həmin uşaqlar üçün yeni nəsil dərsliklərin hazırlanması, onların adi ümumtəhsil məktəblərinə qəbul olunması üçün qiymətləndirmə meyarlarının hazırlanması, qiymətləndirmənin əsasında onlar üçün fərdi təlim planının hazırlanması nəzərdə tutulur.

Hacıyeva deyib ki, adi uşaqlardan fərqli olaraq, intellektində geriliyi olan uşaqlara xüsusi yanaşma lazımdır.

"Bütün bu məsələlərin hamısı proqramda öz əksini tapıb. Proqramda hətta həmin uşaqların dərsdənsonrakı asudə vaxtlarının təşkili ilə bağlı, fiziki qüsurları olan uşaqların inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulur", - idarə rəisi əlavə edib.

O bildirib ki, Maliyyə Nazirliyi istisna olmaqla, digər bütün aidiyyəti nazirliklər artıq proqrama müsbət rəy veriblər. Maliyyə Nazirliyi isə Təhsil Nazirliyinə ünvanladığı cavab məktubunda tövsiyə edib ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Milli Strategiya hazırlandığı üçün proqramda qeyd edilən məsələlər strategiya layihəsində öz əksini tapsın, proqram daha sonra təsdiq üçün təqdim olunsun.

İdarə də Maliyyə Nazirliyinin bu tövsiyəsini nəzərə alaraq, İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı çərçivəsində görülməsi nəzərdə tutulan məsələləri Milli Təhsil Strategiyasının layihəsinə daxil edib.

Hacıyeva deyib ki, ya Milli Strategiya, ya da Dövlət Proqramı qəbul olunsa, sadalanan tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud şəxslərin adi ümumtəhsil məktəblərində təhsilə cəlb olunması deməkdir.

Hazırda ölkədə əlilliyi olan 57 mindən çox uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır (onlardan 1353 nəfəri müəssisədə gecələyir), 7750-si evdə təhsilə, 268-i isə inklüziv təhsilə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti