...

Elmar Vəliyev: Gəncəyə üç istiqamətdə saniyədə 1500 litrə yaxın su daxil olacaq

Cəmiyyət Materials 28 Fevral 2012 23:59 (UTC +04:00)
Elmar Vəliyev: Gəncəyə üç istiqamətdə saniyədə 1500 litrə yaxın su daxil olacaq
Elmar Vəliyev: Gəncəyə üç istiqamətdə saniyədə 1500 litrə yaxın su daxil olacaq

Azərbaycan, Bakı, 28 fevral / Trend /

Uzun illər Gəncə şəhərinin su təchizatı məsələsi böyük problem olaraq qalırdı. İkinci Dövlət Proqramı çərçivəsində bu məsələyə yenidən baxılmışdır. Hazırda bu layihə mərhələli şəkildə həyata keçirilir. Layihəyə görə işlərin tamamlanması nəticəsində şəhərə üç istiqamətdən - Göygöl, Qızılqaya və Şəmkirçaydan saniyədə 1500 litrə yaxın su daxil olacaq. Trend-in məlumatına görə, bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Vəliyev Gəncə şəhərinin təbii qaz və elektrik enerjisi ilə təchizatı, həmçinin şəhərdaxili prospekt və yolların genişləndirilməsi, küçə və meydanların abadlaşdırılması, tarixi abidələrin bərpası istiqamətində görülən işlərdən də danışıb.

O bildirib ki, əhalinin qaz və elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. 2011-ci ildə şəhərin mərkəzi və digər küçələrində 53 kilometrdən çox qaz xətti yer altına salınaraq polietilen borularla əvəz edilmişdir. Eyni zamanda, bu il Hacıkənd qəsəbəsinin qazlaşdırılması da başa çatdırılmışdır.

İcra başçısının sözlərinə görə, şəhər daxilində ümumi uzunluğu 360 kilometr olan yüksək gərginlikli hava elektrik xətlərinin yeraltı kabellə əvəz olunması əhali tərəfindən çox böyük minnətdarlıqla qarşılanır.

"Şəhərin prospekt və küçələrinin, yeni park və meydanlarının işıqlandırılması üçün 2 min 250 müasir tipli işıq dirəkləri quraşdırılmış, 650 min kvadratmetrdən çox asfalt örtüyü salınmış, 120 kilometr səki daşları düzülmüş, ayrı-ayrı küçələrdə, park və meydanlarda, müxtəlif obyektlərin qarşısında 500 min kvadratmetrdən çox qranit plitə döşənmişdir" Vəliyev çıxışında bildirib.

Onun sözlərinə görə, mərkəzdə və ümumilikdə 22 küçədə yollar genişləndirilərək əsaslı şəkildə yenidən qurulmuşdur. Hazırda bu istiqamətdə işimizi davam etdirilir.

2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar görülən işlərin davamı olaraq son bir ildə 140 mindən çox ağac, 620 mindən çox gül və çiçək kolları əkilmiş, 5,3 hektar ərazidə yaşıllaşdırma işləri aparılmışdır.

"Ulu öndər Heydər Əliyevin adını daşıyan prospekt tamamilə yenidən qurulmuş, bütün kommunikasiya xətləri təzələnmişdir. Bu prospekt də daxil olmaqla ümumilikdə 200-ə yaxın binanın dam örtüyü mansard formasında təzələnmiş, 78 binanın fasadı daşla üzlənmişdir".

Vəliyev bildirib ki, Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Sərəncamınıza uyğun olaraq, Gəncədə "Xəmsə" abidə kompleksinin yenidən qurulması, Nizami Gəncəvi Mərkəzinin, muzeyinin, şəhərciyinin yaradılması, Nizami Gəncəvinin məqbərəsi və onun ətrafının tamamilə yenidən qurulması şəhər sakinləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Şübhəsiz, bütün bunlar Nizami Gəncəvi irsini öyrənən yeni ziyalı nəslinin yaranmasına və formalaşmasına təkan vermişdir.

"Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzinin tikintisinin başa çatdırılması, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh, Abbas Səhhət, Məhəmməd Hadi və Əziz Əliyev adına mədəniyyət və istirahət parklarının salınması, bünövrəsi Sizin xeyir-duanızla qoyulmuş Gəncə Dövlət Filarmoniyasının, Heydər Əliyev Mərkəzinin tikintisinin başlanması və Uğurlu Xan karvansarasının yenidən qurulması 2012-ci ildə Gəncənin mədəni həyatında baş verəcək ən mühüm hadisələrdən olacaqdır.
Eyni zamanda, məruzə etmək istəyirəm ki, təkcə bir ildə 50-dən çox ölkə və yerli əhəmiyyətli tarixi binada əsaslı bərpa işləri aparılmış və son dövrdə rəsmi qeydiyyata alınmış 500-ə yaxın tarixi və mədəniyyət abidələri peşəkar mütəxəssislər tərəfindən bərpa olunaraq turist marşrutlarına əlavə ediləcəkdir" icra başçısı çıxışında qeyd edib.

Onun sözlərinə görə, Şəddadilər və Atəbəylər dövlətinin paytaxtı olmuş Gəncənin Aran memarlıq məktəbinin formalaşmasında əvəzsiz rolunu layiqincə qiymətləndirən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun xətti ilə şəhərdə XII əsr memarlığının nümunəsi olan Comərd Qəssab türbəsini, Çökək Hamam tarixi abidəsini, Cavad Xan məqbərəsini bərpa etdirmiş, Fatimeyi Zəhra məscidini tikdirmiş, dahi Nizaminin "Xəmsə"sini ayrı-ayrılıqda və tam külliyyat şəklində bənzərsiz tərtibatda çap etdirərək yubiley tədbirlərinə töhfə etmişdir.

"Gəncədə təhsil və səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində 2012-ci ildə genişmiqyaslı işlər görüləcəkdir. Belə ki, 12 məktəb, 4 uşaq bağçası, 4 peşə liseyi əsaslı surətdə təmir və bərpa olunacaq, Uşaq incəsənət mərkəzinin, Gənclik mərkəzinin yeni binası tikiləcəkdir.
Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin və Müəllimlər İnstitutunun Gəncə filialının bütün tədris korpuslarında əsaslı təmir işləri aparılır.
2012-ci ildə Mərkəzi Klinik Xəstəxananın Gəncədə fəaliyyət göstərməsi üçün vəsait ayrılmış, müvafiq hazırlıq və təmir işlərinin aparılmasına başlanmışdır. Bu il, eyni zamanda, Gəncənin ən böyük tibb müəssisələrindən olan Abbas Səhhət adına xəstəxanada və təcili tibbi yardım stansiyasında əsaslı təmir işləri aparılacaq, ən müasir avadanlıqla təmin olunacaqdır".

Xəbər lenti

Xəbər lenti