...

Dünya Bankı ilə Ədliyyə Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Cəmiyyət Materials 5 Mart 2012 16:09 (UTC +04:00)
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Cozef Ouen və layihənin yeni rəhbəri Amit Muherji ilə görüşüb.
Dünya Bankı ilə Ədliyyə Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Cozef Ouen və layihənin yeni rəhbəri Amit Muherji ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dünya Bankı ilə səmərəli əməkdaşlığı vurğulayan nazir ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə həyata keçirilən layihənin mühüm əhəmiyyətini qeyd edib, habelə islahatlardan, xüsusilə, Azərbaycanda hakimlərin seçimi prosesindən danışaraq, bu prosedurun Avropa Şurası və Avropa İttifaqı tərəfindən müsbət model kimi qiymətləndirildiyini və digər dövlətlərə örnək kimi tövsiyə edildiyini bildirib.

Layihənin yeni rəhbərini təqdim edən Ouen ədliyyə sahəsində qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirib, layihənin ən uğurlu və səmərəli icra olunan layihələrdən olduğunu bildirib.

Qonaqlar ölkəmizin hüquqi nailiyyətlərini təqdir edərək məhkəmə infrastrukturunun müasirləşdirilməsi ilə bağlı Azərbaycanın müsbət təcrübəsinin artıq digər dövlətlərə yayılmasının əhəmiyyətini vurğulayıblar.

Görüşdə, həmçinin, əməkdaşlıq məsələləri və layihənin icrası üzrə görüləsi tədbirlər müzakirə edilib.

Qeyd edək ki, Dünya Bankı ilə birgə həyata keçirilən ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi çərçivəsində 20-dən çox yeni məhkəmə binaları və komplekslərinin layihələri hazırlanıb, artıq Oğuz rayonunda inşa olunmuş məhkəmə binası dövlət başçısının iştirakı ilə istifadəyə verilib, habelə müxtəlif regionlarda bir sıra yeni məhkəmə binalarının inşası başa çatmaq üzrədir.

Layihənin icrası vəziyyətini, o cümlədən görülən işlərin vaxtında, mütəşəkkil qaydada və keyfiyyətli yerinə yetirilməsini dəyərləndirən Dünya Bankı əlavə vəsaitin ayrılması qərarına gələrək Ədliyyə Nazirliyi ilə yeni kredit sazişi imzalayıb.

Bu sazişə əsasən, yeni məhkəmələrin və məhkəmə komplekslərinin tikintisi, qabaqcıl İKT-lərin geniş tətbiqi, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi və digər tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti