...

Azərbaycanda ağır formada əlilliyi olan uşaqlar üçün reabilitasiya mərkəzləri yaradılacaq

Cəmiyyət Materials 9 Mart 2012 11:18 (UTC +04:00)
Azərbaycanda ağır formada əlilliyi olan uşaqlar üçün reabilitasiya mərkəzlərinin yaradılması planlaşdırılır.
Azərbaycanda ağır formada əlilliyi olan uşaqlar üçün reabilitasiya mərkəzləri yaradılacaq

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda ağır formada əlilliyi olan uşaqlar üçün reabilitasiya mərkəzlərinin yaradılması planlaşdırılır. Bunu cümə günü Trend-ə Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva deyib.

Onun sözlərinə görə, bu məsələlər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün "2012-2019-cu illərdə İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı"nın layihəsində nəzərdə tutulur.

Hacıyeva deyib ki, bütün dünyada əlilliyi ağır formada olan uşaqlar üçün reabilitasiya mərkəzlərinin açılması təcrübəsi var. Reabilitasiya mərkəzləri həm 18 yaşınadək, həm də 18 yaşından yuxarı olan uşaqlar üçün açılır. Bu mərkəzlərə qəbul edilməmişdən əvvəl həmin uşaqların potensialı qiymətləndirilir.

"Bu yaxınlarda Vyanada olduq. Orada görduk ki, bir taxtanın üstündə sıra ilə xətlər çəkilib. Əgər əqli geriliyi olan uşaqlar bu xətlərin üstündəki nöqtələrə mismarı çəkiclə düzgün vura bilirsə, onları emalatxanaya qəbul edirlər. Bununla yanaşı, evdarlıq qrupları da olur ki, orada da onlara müəyyən yeməkləri hazırlamağı öyrədirlər", - Hacıyeva bildirib.

O, artıq hökumətə təqdim edilmiş "2012-2019-cu illərdə İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı"nda bu məsələlərin hamısının nəzərdə tutulduğunu qeyd edib.

Hacıyeva deyib ki, reabilitasiya mərkəzlərində əlilliyi ağır formada olan uşaqlar müəyyən təlim keçəcəklər. Təlimlərdə onlara elementar məsələlər - rənglərin bir-birindən fərqləndirilməsi, saymaq, ad-familiyalarının yazılması və s. öyrədiləcək.

İdarə rəisi bildirib ki, hazırda sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün ən geniş yayılmış təhsil forması evdə və xüsusi təhsil müəssisələrində təhsildir.

Hazırda isə sağlamlıq imkanları məhdud uşaqların sağlam uşaqlarla birgə təhsil alması üçün 13-ü məktəbəqədər təhsil müəssisəsi, 17-si orta məktəb olmaqla, 30 müəssisədə pilot layihə həyata keçirilir. Hacıyeva həmin layihələrə ağır əlilliyi olan uşaqları cəlb edə bilmədiklərini deyib.

Xəbər lenti

Xəbər lenti