...

Ümumdünya Səhiyyə Təşkilatı vərəmin qarşısını almaq üçün yeni vaksinlər hazırlayır

Cəmiyyət Materials 12 Mart 2012 11:50 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfdaşlarla birgə vərəmin qarşısını almaq üçün 10 yeni vaksin və preparat üzərində işləyir.
Ümumdünya Səhiyyə Təşkilatı vərəmin qarşısını almaq üçün yeni vaksinlər hazırlayır

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfdaşlarla birgə vərəmin qarşısını almaq üçün 10 yeni vaksin və preparat üzərində işləyir. Trend-in məlumatına görə, bunu 24 mart - Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar keçirilən tədbirdə ÜST-nin Azəbaycandakı nümayəndəliyinin yolucuxu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova bildirib.

O deyib ki, ÜST vərəmdən ölüm hadisələrinin sayını 2015-ci ilədək iki dəfə azaltmağa çalışır. Son 20 il ərzində bu xəstəlikdən ölüm 40 faizədək azalıb. 2010-cu ildə vərəmlə xəstələnənlərin sayı 8,8 milyona qədər azalıb.

Lakin aparılan hesablamalara görə, bütün dünyada vərəmlə xəstələnmə hallarının üçdə biri qeydiyyata alınmır.

Süleymanova deyib ki, vərəm dünyada 15-44 yaşlı qadınlar arasında üç əsas ölüm səbəblərindən biridir. Amma maliyyələşdirmə kifayət qədər olmadığından, hazırkı nailiyyətlər təhlükə altındadır.

2012-ci ildə dünyada vərəmin müalicəsinə ayrılan vəsaitin 82 faizi Qlobal Fond tərəfindən maliyyələşdirilir.

Qiymətləndirməyə əsasən, istənilən zaman həbsxanalarda 8-10 milyon dustaq olur. Vərəmin həbsxnalarda qeydə alınma dərəcəsi mülki əhali arasında xəstəliyin yayılma dərəcəsindən 100 dəfə yüksəkdir.

Vərəmin aşkarlanması vacib məsələdir. 2011-ci ilin dekabrında ÜST Coxsaylı Dərmanlara Davamlı Vərəmin yeni ekspert testini təqdim edib. O, artıq 26 ölkədə tətbiq edilir.

Hökumətlərin vərəm xidmətlərini pulsuz və universal təmin etmək öhdəlikləri var.

Xəbər lenti

Xəbər lenti