...

Azərbaycan fövqəladə hallar nazirinin iştirakı ilə Sabirabadda müşavirə keçirilib

Cəmiyyət Materials 30 Mart 2012 19:11 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə cümə günü Sabirabad rayon İcra Hakimiyyətində müşavirə keçirilib.
Azərbaycan fövqəladə hallar nazirinin iştirakı ilə Sabirabadda müşavirə keçirilib

Azərbaycan, Bakı, 30 mart /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə cümə günü Sabirabad rayon İcra Hakimiyyətində müşavirə keçirilib.

Trend FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Kür və Araz çaylarının 2010-cu ildə daşması nəticəsində baş vermiş fəlakətin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş müşavirədə daşqından zərər çəkmiş rayonların icra hakimiyyətlərinin başçıları, əlaqədar orqanların rəhbərləri iştirak ediblər.

Daha sonra Sabirabad rayonunun Ulacalı kəndində daşqından zərər çəkmiş əhali üçün salınmış qəsəbədə sakinlərlə görüşən Kəmaləddin Heydərov müşavirədə müzakirə olunmuş məsələlərlə bağlı məlumat verib, təbii fəlakətin fəsadlarının, Kür daşqınları zamanı əhaliyə dəyən zərərin aradan qaldırılması istiqamətində görülən genişmiqyaslı tədbirlərdən danışıb.

Ötən müddət ərzində yaradılan hökumət komissiyasının fəaliyyət göstərdiyini qeyd edən nazir Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırıq və sərəncamlarına əsasən daşqından ziyan çəkmiş və bərpası mümkün olmayan fərdi yaşayış evlərinin əvəzinə həmin evlərin sakinlərinə yeni evlərin tikildiyini, habelə zəruri və sosial infrastruktur obyektləri - məktəb, uşaq bağçası, tibb və poçt məntəqələri, elektrik, su və təbii qaz təchizatı, avtomobil yolları və s. olan müasir standartlara uyğun yeni qəsəbələrin salındığını, əmlaklarına və əkin sahələrinə dəymiş ziyana görə əhaliyə kompensasiyaların ödənildiyini bildirib, bu işin ardıcıl olaraq davam etdirildiyini diqqətə çatdırıb.

2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin yeni sərəncam imzaladığını sakinlərin diqqətinə çatdıran nazir, baş vermiş təbii fəlakətin fəsadlarının tamamilə aradan qaldırılması üçün zəruri tədbirlərin sürətləndiriləcəyini vurğulayıb. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti