...

Nazir müavini: Azərbaycanda bəzi müəssisələr əlillərin işə götürülməsində kvotaya əməl etmir

Cəmiyyət Materials 2 May 2012 11:47 (UTC +04:00)
Azərbaycanda əlillərin işlə təmin olunması üçün kvota müəyyən edilsə də, bəzi müəssisələr ona əməl etmirlər.
Nazir müavini: Azərbaycanda bəzi müəssisələr əlillərin işə götürülməsində kvotaya əməl etmir

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda əlillərin işlə təmin olunması üçün kvota müəyyən edilsə də, bəzi müəssisələr ona əməl etmirlər. Trend-in məlumatına görə, bunu çərşənbə günü 5 may - Avropa əlilliyi olan insanların hüquqlarının müdafiəsi gününə həsr olunmuş "Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışında Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, 100 nəfərdən artıq işçisi olan müəssisələrdə əlil insanlar üçün 4-5 faiz kvota müəyyən edilib.

Nazir müavini bildirib ki, kvotaya əməl etməyən müəssisələr üçün cərimələrin məbləği artırılıb. Onun fikrincə, bu problemin həlli üçün zaman lazımdır.

Məmmədov qeyd edib ki, dünya əhalisinin 15 faizini əlillər təşkil edir. Azərbaycanda isə bu rəqəm 4,6 faizdir.

"Dünyanın elə bir ölkəsi yoxdur ki, orada əlillərin problemləri tam həll olunsun. Azərbaycanda əlillərin problemlərinin həlli üçün çox önəmli tədbirlər həyata keçirilir. Son illərdə əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 9,6 dəfə, sosial müavinətlərin məbləği 3,7 dəfə artırılıb", - nazir müavini əlavə edib.

O bildirib ki, son 3 ildə maşınla təmin olunan əlillərin sayı 3 min, mənzillə təmin olunanların sayı isə 5 min nəfərə çatıb. Ölkədə əlillər üçün 14 bərpa və reabilitasiya mərkəzi fəaliyyət göstərir. İldə həmin mərkəzlərdə orta hesabla 8 min əlilə xidmət göstərilir.

Xəbər lenti

Xəbər lenti