Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şəkidə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü turist yürüşü keçirilib. Trend-in çərşənbə günü verdiyi məlumata görə, yürüşdə yerli turizm şirkətləri və KİV nümayəndələri iştirak edib.
Yürüş iştirakçıları Şəkinin Daşüz kəndindən Çorqat meşəsinə doğru yolu qət ediblər. Adıçəkilən istiqamətdə təqdim edilən marşrutun uzunluğu 35 km, keçid vaxtı 8 saatdır.
Şəki Mədəniyyət və Turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov jurnalistlərə bildirib ki, milli atüstü turist yürüşünün məqsədi ölkənin cazibədar təbiəti ilə seçilən Şəki rayonunun turizm potensialını tanıtmaqdır. Yürüşün məqsədi, həmçinin bu ay Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələcək turistləri atüstü turizmə cəlb etmək, atçılıq turizm marşrutunu inkişaf etdirmək və təbliğ etməkdir.
Atüstü turist yürüşlərinin keçirilməsini turizmin inkişafı üçün çox əhəmiyyətli sayan İbrahimxəlilov deyib ki, gələcəkdə bu cür turizm yürüşlərinin sayının daha da artırılması planlaşdırılır.
Onun sözlərinə görə, Azərbaycana gələn bütün turistləri Respublika Atçılıq Turizm Mərkəzinə dəvət edirlər. O, yürüşlərin daha yüksək səviyyədə təşkili üçün mütəxəssislərin əllərindən gələni edəcəklərini də söyləyib.