Azərbaycan, Bakı, 14 may /Trend müxbir İ.İsabalayeva/
Azərbaycanın orta məktəblərinin buraxılış imtahanlarının keçirilməsi ilə bağlı yekun qaydalar iyunun 30-dək Nazirlər Kabinetinə təqdim ediləcək.
Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib ki, ümumilikdə mərkəzləşdirilmiş buraxılış imtahanları ilə bağlı yekun qaydalar iki ay ərzində hazırlanacaq.
TQDK sədri deyib ki, bu qaydalar hazırlananda 2010-cu ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları" əsas götürüləcək.
"Bu sənəddə konkret göstərilib ki, hansı standartlar var və ümumtəhsil məktəblərində hər pillədən o birisinə keçmək üçün uşaqlar nəyi bacarmalıdırlar. Biz bu sənədi əsas götürmüşük. Bu sənəddə hər bir fənn üzrə attestasiyanı hansı formada keçirmək lazım olduğu göstərilib", - Abbaszadə deyib.
O, yekun qaydaların hazır olduqdan sonra mərhələlərlə tətbiq ediləcəyini bildirib.