Azərbaycan, Bakı, 22 may / Trend müxbir M.Əliyev/
Milli Məclis "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Trend-in məlumatına görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat vetib.
O bildirib ki, 4 fəsil və 50 maddədən ibarət qanun layihəsi Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının həyata keçirilməsi və təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Hüseynli layihənin dünya standartlarına cavab verdiyini vurğulayıb.
Yeni qanunla əvvəlkindən fərqli olaraq saxlanılan və ya həbs olunan şəxs nəinki onun hüquqlarını müdafiə edən şəxslə, habelə ailə üzvləri və digər yaxınları ilə də görüşmək imkanı qazanacaq.
Həmçinin, saxlanılan və ya həbs olunan şəxsin həbs yerinin kitabxanasından istifadə üçün ədəbiyyat, qəzet və jurnal götürmək və ya şəxsi hesablarında olan vəsaiti hesabına həbs yerinin müdiriyyətinin vasitəsilə ticarət şəbəkəsindən yazı ləvazimatları, ədəbiyyat, qəzet və ya jurnal əldə etmək, dini ayinləri yerinə yetirmək, dini ləvazimatlardan və ədəbiyyatlardan istifadə etmək, bağlama, sovqat və banderol almaq; mülki hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək, etik davranışa uyğun rəftar olunmaq, həbs yerinin müdiriyyəti tərəfindən qəbul edilmək hüququ var.