Azərbaycan, Bakı, 28 may /Trend/
Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə Maltada rəsmi ziyafət təşkil edilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, ziyafətdə Maltanın Prezidenti Corc Abela, xarici işlər naziri Tonio Borg, parlament üzvləri, digər dövlət qurumları, biznes dairələri, elmi-tədqiqat mərkəzləri, yerli mətbuat orqanları, Maltada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və Maltada yaşayan azərbaycanlılar iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan səfir Vaqif Sadıqov yaxın Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının yaranma tarixindən, mövcud olduğu qısa müddət ərzində fəaliyyətindən danışıb və ölkəmizin 71 il sonra yenidən müstəqilliyini bərpa edərək bu gün inamla inkişaf etdiyini qeyd edib.
Səfir Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün kimi öz torpaqlarından ayrı düşdüyünü xatırladaraq, bununla belə bu gün ölkəmizin Qafqazın aparıcı dövlətinə çevrildiyini qeyd edib.
Səfir V.Sadıqov Azərbaycan və Malta arasında diplomatik əlaqələrin 17 il öncə qurulduğunu xatırladaraq, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb və bundan sonra da iki ölkə arasında dostluq və əməkdaşlığın daha dərinləşəcəyindən əmin olduğunu bildirib.
Sonra Malta Prezidenti Corc Abela çıxış edərək Maltada bu bayramın qeyd edilməsinin ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib və bayram münasibətilə Azərbaycan xalqı və ölkə rəhbərliyinə ən xoş arzularını ifadə edib.
Çıxışlardan sonra Azərbaycan və Maltanın dövlət himnləri səsləndirilib. Qəbulda nümayiş etdirilmiş Azərbaycanla bağlı videofilm və səsləndirilmiş Azərbaycan musiqisi qonaqların xüsusi marağına səbəb olub. Qonaqlara həmçinin ölkəmiz haqqında kitab və jurnallar da təqdim edilib.