...

Baş Prokurorluq vəzifəli şəxslərin dairəsinin dəqiqləşdirilməsini istəyir

Cəmiyyət Materials 30 May 2012 10:35 (UTC +04:00)
Baş Prokurorluq vəzifəli şəxslərin dairəsinin müəyyən edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edib.
Baş Prokurorluq vəzifəli şəxslərin dairəsinin dəqiqləşdirilməsini istəyir

Azərbaycan, Bakı, 30 may / Trend müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq vəzifəli şəxslərin dairəsinin müəyyən edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edib.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, Baş Prokurorluq sorğusunda Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsinin qeyd hissəsinin şərh olunmasını və həmin hissədə izahı verilən vəzifəli şəxslərin dairəsinin dəqiqləşdirilməsini xahiş edir.

Prokurorluq hesab edir ki, həmin maddənin qeyd hissəsində vəzifəli şəxslərin dairəsi tam əhatə olunmayıb.

Həmin qeyddə göstərilir ki, vəzifəli şəxslər dedikdə daimi, müvəqqəti olaraq və ya xüsusi səlahiyyət üzrə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, habelə "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilən digər şəxslər başa düşülür.

Vəzifəli şəxslər sırasına daxil olmayan dövlət qulluqçuları və yerli özünüidarə orqanlarının, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarının qulluqçuları müvafiq maddələrlə xüsusi olaraq nəzərdə tutulmuş hallarda bu fəslin maddələri ilə cinayət məsuliyyəti daşıyırlar.

Baş Prokurorluğun sorğusuna KM-in Plenimunun iyunun 14-də keçiriləcək iclasında baxılacaq.

Xəbər lenti

Xəbər lenti