Azərbaycan, Bakı, 30 may /Trend, müxbir S.Ağayeva/
Heydər Əliyev Fondunun təşəbbüsü və "Təmiz Şəhər" ASC-nın təşkilatçılığı ilə iyunun 1-də "Tullantıdan sənətə" adlı beynəlxalq sərginin rəsmi açılışı olacaq.
Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, sərgidə məişət tullantılarından müxtəlif sənət nümunələri hazırlanaraq sərgi iştirakçılarına nümayiş etdiriləcək. İnsanları israfdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirmək kimi mövzular sərginin əsas süjet xəttini təşkil edir.
Sərgidə ən bəsit və lazımsız materiallardan - tullantılardan istifadə etməklə hazırlanmış heyranedici sənət əsərləri tədbir iştirakçılarının böyük marağına səbəb olacaq.
Tullantıdan sənət əsərlərinin yaradılması müasir dövrdə şablon və qaydalara etiraz kimi dəyərləndirilir. Bu istiqamətin sənətkarları metal, kağız, plastik, rezin və müxtəlif məişət tullantılardan istifadə etməklə maraqlı və ibrətamiz əsərlər yaradıblar.
"Tullantıdan sənətə" sərgisinin keçirilməsində əsas məqsəd "Yer bizim evimizdir və biz onun qayğısına qalmalıyıq" mesajını ictimaiyyətə çatdırmaqdır.
Sərgidə Almaniya, ABŞ, Estoniya, Rumıniya, Litva, Gürcüstan, Belarus, həmçinin Azərbaycan sənətkarlarının qəzet, kağız, ev təsərrüfatında istifadəyə yararsız texnika və əşyalar, şin, maşın şüşələri, şüşə qablar, metal və digər tullantı materiallarından hazırlanmış əl işləri nümayiş etdiriləcək. "Xalça", "Qızıl otaq", "Yumşaq mebel", "Motosiklet" və digər kompozisiyalar sərgi iştirakçılarının zövqünü oxşayacaq.
Sərgi iyunun 2-dən ictimaiyyətə açıq olacaq və iyunun 10-dək davam edəcək.
Azərbaycanda ilk dəfə "Tullantıdan Sənətə" adlı beynəlxalq sərgiyə start verilir
Heydər Əliyev Fondunun təşəbbüsü və "Təmiz Şəhər" ASC-nın təşkilatçılığı ilə iyunun 1-də "Tullantıdan sənətə" adlı beynəlxalq sərginin rəsmi açılışı olacaq.
