...

Azərbaycanda əlilliyin müəyyən edilməsi üçün göndəriş forması elektron qaydada təqdim olunacaq (FOTO)

Cəmiyyət Materials 31 May 2012 15:04 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Səhiyyə Nazirliyinin müvafiq strukturlarının əməkdaşları ilə birgə əlilliyin müəyyən edilməsi üçün səhiyyə müəssisələri tərəfindən 88 nömrəli göndəriş formasının Tibbi-sosial ekspert komissiyalarına (TSEK) elektron qaydada təqdim olunması ilə bağlı texniki məsələlər müzakirə olunub.
Azərbaycanda əlilliyin müəyyən edilməsi üçün göndəriş forması elektron qaydada təqdim olunacaq (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Səhiyyə Nazirliyinin müvafiq strukturlarının əməkdaşları ilə birgə əlilliyin müəyyən edilməsi üçün səhiyyə müəssisələri tərəfindən 88 nömrəli göndəriş formasının Tibbi-sosial ekspert komissiyalarına (TSEK) elektron qaydada təqdim olunması ilə bağlı texniki məsələlər müzakirə olunub.

Əmək Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov səhiyyə müəssisələri tərəfindən verilən 88 nömrəli göndəriş formasının əlillik müayinəsinin aparılması üçün ən ilkin və vacib sənəd olduğunu, vətəndaş tərəfindən TSEK-ə elektron qaydada müraciət zamanı həmin göndəriş formasının skan edilmiş şəkildə təqdim olunmasının həm vaxt itkisi, həm də texniki baxımdan vətəndaşlar üçün çətinliklər yarada biləcəyini deyib.

Qeyd olunub ki, hazırda "Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu" elektron xidmətinin tətbiqi işləri aparılır. Bu xidmət əlillik təyinatlarının aparılması prosesində vətəndaşlarla TSEK əməkdaşları arasında birbaşa ünsiyyətin minimuma endirilməsində, əlillik qruplarının təyinatı ilə bağlı qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılmasında, əlillərin tibbi-sosial reabilitasiya xidmətlərindən yararlanması prosedurlarının sadələşdirilməsində xüsusi önəm kəsb edir. Elektron xidmətin tətbiqi üçün müvafiq strukturların maddi-texniki bazası gücləndirilib, həmçinin Dünya Bankı ilə birgə icra olunan "Sosial müdafiənin inkişafı" layihəsi çərçivəsində həmin strukturlar kompüter avadanlıqları ilə təmin edilib.

Müzakirələr zamanı səhiyyə müəssisələri ilə TSEK-lər, eləcə də Əlillərin bərpa mərkəzləri arasında elektron məlumat mübadiləsinə, o cümlədən əlillik təyinatı üçün 88 nömrəli göndəriş formasının elektron qaydada TSEK-lərə təqim olunmasına imkan verən sistemin qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti