Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir M.Əliyev/
Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi bütün sağlam - həm müsəlman, həm digər icmalarla, Azərbaycan dövlətçiliyini özlərinə doğma bilən, ona sadiq olan, fəaliyyətini Azərbaycanın inkişafına yönəldən bütün qrumlarla dialoqa hazırdır və bunu aparmağa cəhd edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov bildirib.
Onun sözlərinə görə, komitənin əsas fəaliyyəti bu sahədə profilaktik işlə məşğul olmaqdan, Azərbaycan dövlətçiliyinin inkişafı iştiqamətində işlərdən ibarət olacaq. Bu istiqamətdə həm ideoloji, həm təbliğati, həm də təşkilati məsələlərlə məşğul olacağıq.
İsgəndərov həmçinin qeyd edib ki, Əbu Bəkr məscidi ilə bağlı məsələ əlavə araşdırma tələb edir.
"Bütün ibadət yerləri ilə bağlı qərarlar qanun çərçivəsində qəbul olunur. Bu proseslərə Azərbaycanın adət-ənənələrini saxlamaq şərti ilə, həm də qanunun tələblərinə əməl olunması prinsipi ilə yanaşılır", - Dövlət Komitəsinin sədri bildirib.
İsgəndərov son zamanlar Azərbaycanda dindarların ibadət yerlərinin sayının artırılması və yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü vurğulayıb.