...

"Eurovision"la əlaqədar turistlər arasında aparılmış tədqiqatların ilkin nəticələri açıqlanıb

Cəmiyyət Materials 8 İyun 2012 16:13 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun və Avstriyanın Vyana Universitetinin Beynəlxalq marketinq departamentinin mütəxəssislərinin birgə apardığı tədqiqatın ilkin nəticələri açıqlanıb.
"Eurovision"la əlaqədar turistlər arasında aparılmış tədqiqatların ilkin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun və Avstriyanın Vyana Universitetinin Beynəlxalq marketinq departamentinin mütəxəssislərinin birgə apardığı tədqiqatın ilkin nəticələri açıqlanıb.

İnstitutun rektor müavini Eldar Aslanov cümə günü Trend-ə deyib ki, tədqiqatın məqsədi müsabiqənin ölkəmizin imicinə və iqtisadiyyatına təsirini analiz etməkdir. Tədqiqat "Eurovision 2012" ərəfəsində və günlərində müsabiqəyə gəlmiş turistlər, eyni zamanda, Azərbaycana gələ bilməyən, amma Azərbaycan haqqında məlumatları Avropa KİV-lərindən oxumuş avropalılar arasında aparılıb.

İlkin tədqiqatlar onu göstərib ki, bu tədbir Avropada Azərbaycanın imicinin daha da müsbət yönümdə formalaşmasına kömək edib. Turistlər üçün Azərbaycan, xüsusilə, Bakı yeni turizm məkanı kimi cəlbedici olub. Azərbaycan haqqında mətbu orqanlarda dərc edilən yazılar Azərbaycanın Avropa coğrafiyasında daha kütləvi tanınmasına imkan verib.

Aslanov deyib ki, tədqiqatların nəticələrinə görə, əvvəllər Azərbaycanı Avropada yalnız bu sahə üzrə mütəxəssislər tanıdığı halda, artıq istənilən bir Avropa ölkəsinin vətəndaşı Azərbaycanı, Bakını tanıyır. Tədqiqat zamanı turistlərin Azərbaycan haqqında pozitiv fikirdə olduqları məlum olub.

Aslanov deyib ki, hazırda tədqiqat yekunlaşmaq üzrədir. İyunun sonu, iyulun əvvəlində tədqiqatın nəticələrinin ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sayca 57-ci olan "Eurovision 2012" mahnı müsabiqəsi bu ilin mayında Bakıda keçirilib.

Xəbər lenti

Xəbər lenti