...

"Eurovision"la əlaqədar Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Cəmiyyət Materials 12 İyun 2012 11:39 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn turistlərin sayını açıqlayıb.
"Eurovision"la əlaqədar Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn turistlərin sayını açıqlayıb. Trend-in məlumatına görə, nazir çərşənbə axşamı jurnalistlərə müsahibəsində deyib ki, "Eurovision"a gələn qonaqlarla bağlı müxtəlif rəqəmlər səslənə bilər.

"Rəsmi olaraq, müsabiqənin iştirakçıları və nümayəndə heyətləri ilə bağlı olan qonaqların sayı təxminən 6-7 min civarındadır. Eyni zamanda, Azərbaycanın sərhədini 15 gün müddətində 103 min adam keçib", - nazir qeyd edib.

O əlavə edib ki, adətən 15 gün müddətində Azərbaycana 30-40 min nəfərdən çox adam gəlmir. Bu, normal qaydadır. Qarayevin sözlərinə görə, müsabiqə ərəfəsində və günlərində ölkəmizə turizm məqsədilə gəlmiş insanların sayının 50 mindən çox olması nəticəsinə gəlmək olar.

"Bütün mehmanxanalardakı yataq yerlərində, evlərdə, öz yaxınlarının, qohumlarının yanında yerləşdirilməklə turizm məqsədilə ölkəmizə gəlmiş insanların sayı 50 mindən çox olub. "Eurovision" mühitinə daxil olmaq, bu sevinci yaşamaq, insanlarla bərabər olmaq ücün Azərbaycana gələnlərin sayı artıb. Əminəm ki, "Eurovision"un Azərbaycanda böyük uğurla keçirilməsi ölkəyə turist axının çoxalmasına böyük təkan verəcək", - Qarayev bildirib.

O deyib ki, müsabiqə ərəfəsində və günlərində Azərbaycana daha çox gediş-gəliş üçün nəqliyyatı asan, birbaşa aviareysləri olan ölkələrdən, qonşu dövlətlərdən - Gürcüstan, İran, Türkiyə və Orta Asiyadan turist gəlib.

Nazir həmin ərəfədə hətta ABŞ-dan da Azərbaycana xüsusi turist qruplarının gəldiyini söyləyib.

Xəbər lenti

Xəbər lenti