...

Azərbaycanda ticarət obyektləri və gömrük orqanlarına qarayara xəstəliyi ilə bağlı xəbərdarlıq edilib

Cəmiyyət Materials 13 İyun 2012 13:25 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Gürcüstanda əhali arasında qarayara xəstəliyinin yayılması ilə əlaqədar respublikanın ticarət obyektlərini və sərhəd gömrük orqanlarını diqqətli olmağa çağırıb.
Azərbaycanda ticarət obyektləri və gömrük orqanlarına qarayara xəstəliyi ilə bağlı xəbərdarlıq edilib

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Gürcüstanda əhali arasında qarayara xəstəliyinin yayılması ilə əlaqədar respublikanın ticarət obyektlərini və sərhəd gömrük orqanlarını diqqətli olmağa çağırıb.

DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli çərşənbə günü Trend-ə deyib ki, onlar gömrük orqanları və ticarət obyektlərinin nəzərinə Gürcüstanda qarayara xəstəliyi ilə bağlı narahatlıqların olduğunu və oradan gətirilən mallara qarşı daha diqqətli olmalarını çatdırıb.

Xanvəli deyib ki, xəstəliklə əlaqədar DBX Gürcüstanın Baytarlıq Xidmətinə də məktub göndərib. Məktubda baytarlıq nöqteyi-nəzərindən Gürcüstanda qarayara xəstəliyi ilə əlaqədar vəziyyətin necə olması, xəstəliyin hansı yolla yayılması barədə Azərbaycana məlumatın verilməsi xahiş edilib. Amma hələlik Azərbaycan Gürcüstana göndərdiyi bu məktuba cavab ala bilməyib.

DBX rəsmisi deyib ki, hazırda Azərbaycana Gürcüstandan diri heyvan və kəsilmiş ətlərin gətirilməsinə icazə veilir. Amma bunun üçün mütləq Gürcüstandan gətirilmiş diri heyvan vaksinasiyasından keçməli, 21 gün karantində olmalı, kəsilmiş ətlər isə laborator müayinələrdən keçməlidir. Bu tələblərin yalnız Gürcüstandan gətirilən heyvan və ətlərə qarşı deyil, bütün ölkələr aid olduğunu nəzərə çatdıran DBX təmsilçisi hazırda Azərbaycanda qarayara xəstəliyi ilə problemin olmadığını söyləyib.

Onun sözlərinə görə, yalnız bu ilin 5 ayı ərzində Azərbaycanda 2 milyon 389 min 681 baş iribuynuzlu, 7 milyon 41 min 396 baş xırda buynuzlu, 106 min 421 baş təkdırnaqlı heyvan, 5880 baş donuz qarayara xəstəliyinə qarşı vaskinasiya olunub.

Qeyd edək ki, Gürcüstanda 30 nəfər qarayara xəstəliyinə yoluxub. Onların 20-si azərbaycanlıdır. Ölkənin Səhiyyə Nazirliyi yaranmış vəziyyətdən narahatlığını bildirib.

Xəbər lenti

Xəbər lenti