...

Azad Rəhimov: Azərbaycan "Böyük İpək Yolu"nun üzərində yerləşən ölkələrin gənclərini birləşdirən rol oynamalıdır

Cəmiyyət Materials 27 İyun 2012 12:30 (UTC +04:00)
Bu gün Bakıda "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Konqresi və Festivalı öz işinə başlayıb.
Azad Rəhimov: Azərbaycan "Böyük İpək Yolu"nun üzərində yerləşən ölkələrin gənclərini birləşdirən rol oynamalıdır

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Konqresi və Festivalı öz işinə başlayıb. Trend-in çərşənbə günü verdiyi məlumata görə, konqresdə 27 ölkədən 200-dən artıq gənclərlə iş üzrə dövlət orqanlarının, gənclər təşkilatlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, eyni zamanda, gənc parlament üzvləri iştirak edir.

Konqresi Azərbaycan Gənclər Fondunun sədri Fərhad Hacıyev açıq elan edib. Açılışda çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan, xüsusilə də Bakı Qərblə Şərqi, islamla xristian dinlərini birləşdirən mərkəzdir.

"Buna görə də Azərbaycan Böyük İpək Yolunun üzərində yerləşən ölkələrin gənclərini birləşdirən bir rol oynamalıdır. İstəyirik ki, gəncləri yeni bir platforma, yeni bir model ətrafında birləşdirək", - Rəhimov vurğulayıb.

Nazir bildirib ki, bu konqresin keçirilməsində əsas məqsəd tarixi "Böyük İpək Yolu" üstündə yerləşən ölkələrin gənclərinin və gənclər sahəsində çalışan qurumlarının əməkdaşlığı üçün şəraitin yaradılması, müxtəlif qitə, din, dil, mədəniyyət daşıyıcılarının bir-biriləri ilə sıx əlaqə qurması, gənclər arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhvə verilməsidir.

Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanov isə çıxış edərək deyib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatda, iqtisadiyyatda vacib rol oynayır.

"Gənclər cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib. İndi gənclərin potensialından istifadə cəmiyyətimizin ən vacib məsələlərindən biridir. Dövlət inkişaf etdikcə gənclər ən müasir tələblərin subyektinə çevrilirlər", - Aslanov vurğulayıb.

PA rəsmisi bildirib ki, bu gün "coğrafiya", "geologiya" və "geopolitika" Azərbaycanın dünyada mövqeyini təyin edən terminlərdir.

"Bu gün Azərbaycan postsovet ölkəsindən müasir ölkəyə çevrilib. Ölkəmiz iqtisadi sahədə, xüsusilə enerji sektorunda ciddi nailiyyətlər qazanıb. Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizdən təkrəqəmli həddə enib. Bizim ölkə İpək Yolu üzərində ən strateji ölkədir. Regionda bizim iştirakımız olmadan heç bir layihə həyata keçirilə bilməz", - o əlavə edib.

Daha sonra iştirakçı ölkələrdən Macarıstan, Qazaxıstan, Yunanıstan, Tacikistan, Özbəkistan və digərlərinin nümayəndələri çıxış ediblər.

Qeyd edək ki, iyunun 30-na kimi davam edəcək konqres panel müzakirələrlə davam edəcək. Panel müzakirələrə "Gənclər siyasəti: təcrübə və əməkdaşlıq imkanları", "Sivilizasiyalar və mədəniyyətlər arası dialoq: gənclər arasında tolerantlığın və qarşılıqlı anlaşmanın bir vasitəsi kimi" mövzuların müzakirəsi, Beynəlxalq Gənclər Təşkilatının təsis edilməsi, Bakı Deklarasiyasının qəbul edilməsi daxildir. Bununla yanaşı, gənc fotoqrafların və rəssamların sərgisi və müxtəlif ölkələrdən olan yaradıcı gənclərin iştirakı ilə Qala-konsert də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti