Azərbaycan, Bakı, 7 iyul /Trend/
Azərbaycanda istintaq təcridxanasına bir neçə mobil telefon keçirmək cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən şənbə günü Trend-ə verilən məlumata görə, 6 iyul 2012-ci ildə 1983-cü ildə Bərdə rayonunda anadan olan, Bakı şəhəri, Suraxanı rayonu ərazisində pasport qeydiyyatında olan vətəndaş Behbudov Kənan Vidadi oğlunun Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2. 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinən Hüseynov Mehran Mehman oğluna gətirdiyi sovqata baxış keçirilərkən içərisi yeməklə dolu olan qırmızı rəngli dəmir qazanın əlavə olaraq düzəldilmiş ikinci dibindən 3 ədəd "Samsung", 1 ədəd "Nokia" və 1 ədəd "Aigatel" markalı mobil telefonlar, 2 ədəd CİN və 1 ədəd NAR danışıq kartları və 4 ədəd mobil telefon qidalandırıcısı aşkar edilərək götürülüb.
Faktla bağlı təcridxananın əməliyyat şöbəsi tərəfindən araşdırma aparılır.