Azərbaycan, Bakı, 17 iyul /Trend müxbir M.Əliyev/
Bu günə qədər "Diffamasiya haqqında" qanun Azərbaycan Milli Məclisinə daxil olmayıb. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova çərşənbə axşamı keçirilən mətbuat konfransında deyib.
O, bildirib ki, ATƏT-ə üzv ölkələrin bir çoxunda, o cümlədən Qərbi Avropa ölkələrində bu qanun hələ də qəbul edilməyib.
"Tövsiyə etmək o demək deyil ki, bu qanunun qəbul edilməsi vacibdir. Buna baxmayaraq, biz bu məsələyə baxa bilərik", - Muradova deyib.
Azərbaycanda "Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı Ofisinin dəstəyi ilə hazırlanıb. Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.
"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası parlamentə müraciət etmişdi.
Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.