Azərbaycan, Bakı, 15 avqust / Trend/
Azərbaycan Mətbuat Şurası Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlini jurnalistika sahəsindəki çoxillik səmərəli fəaliyyətinə, Azərbaycan həqiqətlərini ölkə hüdudlarından kənarda təbliğ etdiyinə görə xüsusi diplomla təltif edib. Trend Mətbuat Şurasının çərşənbə günü yaydığı məlumata istinadən xəbər verir.
1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirmiş Q.Kəngərli əmək fəaliyyətinə Azərbaycan Dövlət Radiosunda başlayıb. 15 il ərzində burada kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb.
Q.Kəngərli 1990-cı ilin 20 yanvar faciəsindən sonra "Şəhidlər", "Şəhidlər-2" bukletlərini hazırlayıb. Onun müəllifi olduğu "Qara Yanvar" kitabı Azərbaycan və rus dillərində işıq üzü görüb. Jurnalistin "Erməni lobbisi: Azərbaycan faciəsi" və "Qanlı şənbəyə gedən yol" kitabları 50 min tirajla nəşr olunub. 1991-ci ildə Q.Kəngərlinin ssenarisi əsasında 20 Yanvar faciəsindən bəhs edən "Bakıda insan ovu" sənədli filmi çəkilib.
Daşkənddə yaşadığı illərdə azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar tədqiqatlar aparıb. Ssenarisi əsasında "Sürgün" adlı sənədli film çəkilib. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Özbəkistanın jurnalistika sahəsində "Altın Qalam" mükafatının laureatıdır.