...

Bakıda bəzi ticarət obyektlərində yarımfabrikat məhsullarının satışı qadağan olunub (FOTO)

Cəmiyyət Materials 23 Avqust 2012 10:20 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən “Vini İnterneyşnl” MMC-də aparılmış dövlət nəzarəti zamanı nöqsanlar aşkarlanıb.
Bakıda bəzi ticarət obyektlərində yarımfabrikat məhsullarının satışı qadağan olunub (FOTO)

Azərbaycan, Bakı, 23 avqust /Trend müxbir K.Zərbalıyeva/

Bakıda bəzi ticarət obyektlərində yarımfabrikat məhsullarının satışı qadağan olunub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən "Vini İnterneyşnl" MMC-də aparılmış dövlət nəzarəti zamanı nöqsanlar aşkarlanıb.

Bakı şəhəri, S.Vurğun küçəsi 19 ünvanında fəaliyyət göstərən "Vini İnterneyşnl" MMC-də dövlət nəzarəti həyata keçirilən zaman MMC-yə məxsus "City Mart" ticarət şəbəkələrindən müxtəlif yarımfabrikat məhsullar seçilərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.

Aparılan sınaqların nəticələrinə əsasən yoxlanılmış məhsullardan "AL Kabeer" və "Topioca" nişanlı yarımfabrikatlar "mezofil aerob" və "fakultativ-anaerob" mikroorqanizimlərin miqdarına görə normativ sənədin tələblərinə cavab verməyib.

"City Mart" mağazasında aparılan yoxlama zamanı yararlılıq müddəti bitmiş bir sıra süd məhsulları aşkar edilərək aktlaşdırılıb. Həmçinin müxtəlif xarici ölkələrin istehsalı olan, keyfiyyət və təhlükəsizlik göstəricilərini müəyyən edən uyğunluq və gigiyenik sertifikatları olmadan satılan müxtəlif çeşiddə balıq konservləri, ət və ət məhsulları, müxtəlif nişanlı yarımfabrikatlar, kərə yağları, müxtəlif souslar, süd məhsulları, konservləşdirilib və qurudulmuş göbələklər, qənnadı məmulatları və sair ərzaq məhsulları aşkarlanıb.

Araşdırma zamanı ticarət şəbəkəsində qablaşdırılan müxtəlif çeşiddə məhsulların saxlanma müddəti, istehsal tarixi və çəkisi haqqında məlumatlar istehlakçılara düzgün çatdırılmadığı da müəyyən edilib. Belə ki, qablaşdırılmış "American Fresh" nişanlı göbələyin çəkisi etiketdə 1 kq göstərildiyi halda faktiki çəkisinin 100 qr olduğu müəyyən olunub.

Satılan bir qism məhsulların üzərində markalanma "Dövlət dili haqqında" və "Yeyinti məhsulları haqqında" qanunlara zidd olaraq aparılıb. Belə ki, dövlət dilində üzərində heç bir məlumat olmadığından məhsulların mənşəyi, tərkibi, saxlanma müddəti və s. haqqında istehlakçıların məlumat almaq hüquqları pozulub.

Müəssisənin anbarında aparılan yoxlama zamanı anbarda mal qonşuluğunun pozulduğu və ərzaq məhsullarının saxlanma rejiminə riayət olunmadığı aşkarlanıb. Belə ki, ərzaq məhsulları kosmetik və yuyucu vasitələrlə eyni yerdə saxlanılıb. Anbarın soyuducusunda mənşə sənədləri, uyğunluq və gigiyenik sertifikatları olmayan ət və ət məhsulları, balıqlar, hind toyuğu aşkar edilib.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisəyə iradnamə və sertifikatsız məhsulların satışını qadağan edən tələbnamələr verilib.

Xəbər lenti

Xəbər lenti