...

Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir (FOTO)

Cəmiyyət Materials 5 Sentyabr 2012 12:41 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir
Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə
sahəsində əməkdaşlıq genişlənir (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 7-ci iclasının Protokolu çərçivəsində əməkdaşlıq məsələlərini həll etmək üçün yaradılmış İşçi Qrup sentyabrın 5-də Bakıda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun və Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Namık Atanın sədrliyi ilə ikinci iclasını keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iki ölkənin aidiyyatı qurumlarının nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə dostluq və qardaşlıq münasibətlərinə söykəndiyi vurğulanaraq, həmçinin əmək və sosial müdafiə sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün hər iki tərəfdən bütün səylərin göstərildiyi qeyd olunub.

İclasda cari il iyulun 12-də iki ölkənin nazirlikləri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın yeddinci iclasının Protokolunda nəzərdə tutulan əməkdaşlıq istiqamətləri, o cümlədən əmək, sosial müdafiə, məşğulluq, miqrasiya, əməyin mühafizəsi və təhlükəsizliyi məsələlərinin həllində birgə fəaliyyətin təşkili məsələləri müzakirə olunub. Həmçinin bu sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqinə dair qarşılıqlı məlumatlandırma və təcrübə mübadiləsinin vacibliyi vurğulanaraq, qeyd olunub ki, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət və təftiş, əməyin mühafizəsi və təhlükəsizliyi sahələrində tədqiqatların aparılması və mütəxəssis mübadiləsinin həyata keçirilməsi olduqca zəruridir.

Tərəflər əmək və məşğulluq sahəsində qanunvericiliyin tətbiqinə dair məlumatlandırma və təcrübə mübadiləsi, əmək qanunvericiliyinə nəzarət və təftiş, məşğulluq siyasəti üzrə qarşılıqlı məlumat mübadiləsinin aparılması, peşə standartlarının uyğunlaşdırılması və peşə diplomlarının qarşılıqlı tanınması və digər istiqamətlər üzrə əməkdaşlıq etmək və mütəxəssis mübadiləsi aparmaq barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti