...

"Binə" ticarət mərkəzində kütləvi zəhərlənmə ilə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işinin istintaqı aparılır

Cəmiyyət Materials 17 Sentyabr 2012 16:07 (UTC +04:00)
Sentyabrın 16-da saat 15:00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən "Araz Avia" (Binə) ticarət mərkəzində dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.
"Binə" ticarət mərkəzində kütləvi zəhərlənmə ilə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işinin istintaqı aparılır

Azərbaycan, Bakı, 17 sentyabr /Trend. müxbir E.Mehdiyev/

Sentyabrın 16-da saat 15:00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən "Araz Avia" (Binə) ticarət mərkəzində dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib. Dərhal hadisə yerinə Prokurorluq, Daxili İşlər, Səhiyyə və digər qurumların əməkdaşları gəlib, zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, həmin tarixdə səhər saatlarında ticarət mərkəzində elektrik enerjisinin dayandırılması səbəbindən bəzi mağaza sahibləri tərəfindən obyektlərin enerji təmini məqsədilə istifadələrində olan generator qurğuları işə salınıb. Həmin qurğulardan yaranan dəm qazının təsirindən satıcı və alıcılardan ibarət 146 nəfər səhhətlərinin pisləşməsi ilə əlaqədar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilərək evlərinə buraxılıblar.

Hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb.

Fakta görə Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar, o cümlədən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin edilib.

Hazırda Bakı şəhər prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti