Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemindəki elmi təşkilat və müəssisələrdə doktoranturaya sənəd verənlərin yekun sayı açıqlanıb.
AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu çərşənbə günü Trend-ə deyib ki, fəlsəfə doktoru proqramı üzrə doktorantura üçün müəyyənləşdirilmiş 288 plan yerinə 345 nəfər sənəd verib. Onun 170-i əyani, 184-ü qiyabi təhsil forması üzrədir. Sənəd verənlərin 5-i əcnəbidir. Onların ikisi İran, 1-i Türkiyə, 1-i Liviya, 1-i Qırğızıstan vətəndaşıdır.
Oktyabrın 15-dən fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanlarının keçirilməsinə başlanacaq. İmtahanlar ixtisas fənni, xarici dil və fəlsəfədən olacaq.
Bu il elmlər doktoru proqramı üzrə isə 110 yer ayrılıb.
Qeyd edək ki, Azərbaycanda doktoranturaya ilk dəfə qəbul 2011-ci ildə keçirilib.
Azərbaycan Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul oluna bilərlər.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.