Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının gəncləri Heydər Əliyev Parkında YAP-ın yubileyini flaşmob aksiyası keçirməklə xüsusi şəkildə qeyd ediblər.
Trend-in məlumatına görə, gənclər parkda istirahət edən insanlarla səmimi ünsiyyət quraraq, onlara YAP-ın yaranma tarixi ilə bağlı qısa məlumat veriblər, həmçinin, uşaqlara üzərində partiyanın loqosu olan şarlar paylanıb.
Parkdakı insanlar da, öz növbəsində, YAP-ın 20 illik yubileyi münasibətilə təbrik ediblər, YAP-a uğurlar arzulayıblar. Hətta, insanların bəziləri bitərəf olduqlarını söyləsələr də, böyük çoxluq YAP-ın dəstəkçisi olduqlarını, partiyanın sədri, Prezident İlham Əliyevin siyasətini bəyəndiklərini və dəstəklədiklərini diqqətə çatdırıblar.
Flaşmob aksiyası ilə bağlı fikirlərini bildirən rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva söyləyib ki, gənclər bu tipli tədbirləri davam etdirmək niyyətindədirlər.
"Gənclərimiz bu gün cəmiyyətimizin aparıcı qüvvəsidir. Dövlətçiliyin əsaslarını, partiyamızın Nizamnaməsindən və proqramından irəli gələn vəzifələrini və YAP-ın sədri, Prezident İlham Əliyevin siyasətini təbliğ etmək işinin mühüm hissəsi də gənclərin üzərinə düşür", - Vəliyeva deyib.
Təşkilatın gəncləri aksiyanın sonunda düzülərək "YAP" sözünü yazıblar. Bu isə ətrafda böyük diqqət cəlb edib və alqışlarla qarşılanıb.