...

Azərbaycanda mobil telefon ürəyə xidmət edəcək

Cəmiyyət Materials 15 Oktyabr 2012 16:34 (UTC +04:00)
Gələn ilin ortalarında Azərbaycanda ilk dəfə olaraq, mobil telefon vasitəsilə insanın ürək-damar sistemi xəstəliklərinin gizli dövrünün və onun dinamikasının monitorinqini aparmaq mümkün ola bilər.
Azərbaycanda mobil telefon ürəyə xidmət edəcək

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Gələn ilin ortalarında Azərbaycanda ilk dəfə olaraq, mobil telefon vasitəsilə insanın ürək-damar sistemi xəstəliklərinin gizli dövrünün və onun dinamikasının monitorinqini aparmaq mümkün ola bilər. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev deyib.

Onun sözlərinə görə, artıq ürək-damar sistemi xəstəliklərinin yaranmasının gizli dövrünün monitorinqi texnologiyası hazırlanıb.

Əliyev bildirib ki, hazırda mobil telefonun şəkil, video çəkmək, SMS göndərmək, televizora baxmaq və s. kimi bir çox funksiyaları var. Telefonun funksiyalarından biri də ürək-damar xəstəliklərinin gizli dövrünün, yaxud da onun dinamikasının monitorinqini həyata keçirmək olacaq. Bunun üçün telefona xüsusi proqram yazılacaq.

"Bu proqram artıq institutda hazırdır. Bu proqramın siqnalı gələn kimi o, işləməyə başlayacaq. Görünəcək ki, sənin ürək-damar sistemin normadadır, ya yox, yaxud ürək-damar sistemi xəstəliklərində dinamika var, ya yox. Telefon deyəcək ki, artıq sənin vəziyyətin dəyişdi, sən həkimə müraciət etməlisən", - Əliyev deyib.

Onun sözlərinə görə, bu monitorinqlərin radiokanal vasitəsilə həyata keçirilməsini istəyirlər. Çünki bu halda xəstə qolundakı vericidən mobil telefonuna informasiya verilməsini hiss etməyəcək.

Əliyev deyib ki, ürək-damar xəstəliklərinin yaranmasının gizli dövründə küylər yaranır. Həmin küyləri analiz etdikdə xəstəliyin başlanmasının gizli dövrünü aşkarlamaq mümkün olur.

Bu xəstəliklərin monitorinqinin aparılmasını çox vacib sayan institut direktorunun sözlərinə görə, həkimlər müxtəlif üsullardan istifadə etməklə çox asanlıqla ürək-damar xəstəliklərinin diaqnozunu qoyurlar. Lakin ürək-damar sistemi xəstəlikləri 2-3 il əvvəldən yaranır.

"Həkimlər isə 2-3 ildən sonra diaqnoz qoyurlar ki, bu insanda ürək-damar xəstəliyi var. Buna görə də bu xəstəliklərin gizli dövrünün aşkarlanması problemdir. Diaqnoz qoymaq həkimlərin işidir. Biz monitorinq edəcəyik. Cihaz da göstərəcək ki, bu xəstəliyin yaranma ehtimalı var, ya yoxdur", - Əliyev deyib.

Qeyd edək ki, ürək-damar, onkoloji, diabet və qeyri-infeksion respirator xəstəliklərin daxil olduğu qeyri-infeksion xəstəliklər dünyada, eləcə də Azərbaycanda insan ölümünün səbəbləri arasında ilk yeri tutur. Azərbaycanın rəsmi statistikasına görə, ölkədə insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar, ikinci yerdə isə onkoloji xəstəliklər tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti