...

İranda dünyaya uşaq gətirən qadınlara qızıl sikkə veriləcək

Cəmiyyət Materials 18 Oktyabr 2012 11:17 (UTC +04:00)
İranın Mədəni İnqilab Ali Şurası və ölkə Prezidentinin qərarı ilə ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə tədbirlər planı icraata göndərilib.
İranda dünyaya uşaq gətirən qadınlara qızıl sikkə veriləcək

Azərbaycan, Bakı, 18 oktyabr / Trend müxbir T.Cəfərov/

İranın Mədəni İnqilab Ali Şurası və ölkə Prezidentinin qərarı ilə ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə tədbirlər planı icraata göndərilib.

Yeni plana əsasən, uşaq dünyaya gətirən qadınlara qızıl sikkələr veriləcək. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi xəbər verir.

Yeni plana görə, veriləcək sikkələrin sayı valideynlərin yaş həddinə və uşaqların sayına görə fərqlənəcək. Belə ki, bir uşaq üçün yarım qızıl sikkə, ikinci uşaq üçün bir, üçüncü uşaq üçün isə 1,5 qızıl sikkə veriləcək.

Bundan başqa, həmin plana əsasən, hamilə qadınlar körpələrinin 2 yaşına kimi (sosial sığortaları yoxdursa) məcburi sığortalanır, 2 yaşından az uşaqları olan ailələrə pulsuz ərzaqlar (süd, düyü və s.) verilir, dövlət və özəl sektorda çalışan qadınlar üçün həmiləliyə görə məzuniyyətin müddəti 9 aya qədər artırılır.

Bundan əlavə, həmin qadınlara 21 ay müddətinə ödənişsiz məzuniyyət verilir. Ümumilikdə hər uşağa görə anaya 30 ay müddətində məzuniyyət verilir. Ana bu məzuniyyətdən uşağın 6 yaşına kimi istifadə edə bilər. Həmçinin körpənin atasına 2 həftə müddətinə məzuniyyət verilir.

3 uşaq anası vaxtından əvvəl pensiyaya çıxa bilər. Üçüncü və dördüncü uşaqlar üçün valideynlərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulub.

İranın Statistika Mərkəzinin məlumatına əsasən, bu ölkədə əhalinin artım tempi aşağı düşüb. İranda əhalinin artım tempi 2006-cı ildə 1,6 faiz idisə, bu rəqəm hazırda 1,3 faizə qədər aşağı düşüb. Məlumata əsasən, ölkə əhalisinin sayının 74 961 702 nəfər olduğunu deyib və bildirib ki, ölkə əhalisinin 51 faizini kişilər, 49 faizini isə qadınlar təşkil edir. Ölkə əhalisinin 71 faizi şəhərdə yaşayır. Statistika Mərkəzinin məlumatında bildirilir ki, ölkədə 20 703 935 ailə və hər ailədə orta hesabla 3,6 nəfər olduğunu bildirib.

Cari ilin yay aylarında İranın Səhiyyə Nazirliyi doğum səviyyəsinə nəzarət haqqında 20 illik proqramın ləğv olunmasını təsdiqləyib və icrasına başlayıb. Bundan öncə hələ 2010-cu ildə İran Prezidenti Mahmud Əhmədinejad ölkədə doğum səviyyəsinin aşağı düşdüyünü bildirərək, ailələri çox uşaqlılığa təşviq etmək məqsədi ilə demişdi ki, ölkədə dünyaya göz açmış hər bir uşaq üçün bank hesabı açılacaq və ilkin mərhələdə bu hesaba hökumət tərəfindən 1000 dollar məbləğində pul vəsaiti hədiyyə olunacaq.

O əlavə etmişdi ki, İran övladlarının gələcəyinin təmini fondu yaradılacaq və bu fond çərçivəsində pul vəsaiti uşaqların hesabına yatırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti