...

Azərbaycanın ali təhsil müəssisələrinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazə verildi

Cəmiyyət Materials 18 Oktyabr 2012 17:44 (UTC +04:00)
Moskvada Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında "Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazənin verilməsi haqqında" saziş imzalanıb.
Azərbaycanın ali təhsil müəssisələrinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazə verildi

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Moskvada Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında "Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazənin verilməsi haqqında" saziş imzalanıb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sazişi Avrasiya Patent İdarəsinin mənzil qərargahında İdarənin prezidenti Aleksandr Nikolayeviç Qriqoryev və Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov imzalayıb.

Saziş əsasında Avrasiya Patent İdarəsi Azərbaycanda milli patent sisteminin, tədqiqat və innovasiya fəaliyyətinin inkişafına yardım edəcək, Komitənin Avrasiya Patent İdarəsinə təqdim etdiyi rəsmi siyahı əsasında Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, kütləvi kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sisteminə (AAPATİS) sərbəst giriş imkanları yaradacaq. Bununla da patent sahəsində axtarışların aparılması, ixtira obyektlərinin aşkar edilməsi, habelə yenilərinin yaradılması üzrə işlərin məqsədyönlü istiqamətdə yerinə yetirilməsi əhəmiyyətli dərəcədə asanlaşacaq.

Sözügedən sistemdən istifadə patentlərin qorunmasına, kommersiyalaşdırılmasına, bütövlükdə ölkənin iqtisadi inkişafı ilə bağlı olan innovasiyaların təşviqində özünəməxsus rol oynayacaq.

Qeyd edək ki, sözügedən sənəd "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazənin verilməsi haqqında saziş"i imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Prezidentinin 25 sentyabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti