...

Azərbaycanda təcili tibbi yardım məqsədilə helikopterlərdən nə zaman istifadə edilə bilər?

Cəmiyyət Materials 3 Noyabr 2012 10:54 (UTC +04:00)
Azərbaycanda təcili tibbi yardım məqsədilə helikopterlərdən hansı hallarda istifadə edilə bilməsinə aydınlıq gətirilib.
Azərbaycanda təcili tibbi yardım məqsədilə helikopterlərdən nə zaman istifadə edilə bilər?

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda təcili tibbi yardım məqsədilə helikopterlərdən hansı hallarda istifadə edilə bilməsinə aydınlıq gətirilib.

Səhiyyə Nazirliyinin Təxirəsalınmaz, Təcili və Konsultativ Tibbi Yardım Stansiyasının baş həkimi Məmməd Cəfərov Trend-ə bildirib ki, helikopterlərdən yalnız böyük fəlakətlər baş verdikdə və ağır xəstələrin daşınması üçün istifadə edilir. Ancaq ağır xəstələri helikopterlərlə havaya qaldıranda onlar buna dözmürlər.

Böyük tıxacların baş verdiyi ərazilərdə helikopterlərdən istifadəyə gəldikdə, Məmmədov deyib ki, bunun üçün çağırış olmalıdır.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov isə Trend-ə deyib ki, əgər xəstənin ixtisaslaşmış həkimlər tərəfindən operativ cərrahiyyə əməliyyatına ehtiyacı varsa və xəstəxana ixtisaslaşmış tibb müəssisəsindən çox uzaq məsafədədirsə, eyni zamanda, magistral yollarda kütləvi hadisələr baş verdikdə və bu zaman yaxınlıqda xəstəxana olmadıqda, helikopterlərdən istifadəyə zərurət yarana bilər.

Həmidov hesab edir ki, hazırda paytaxtın hər yerində tibb müəssisələri olduğu üçün Bakıda tibbi xidmətin göstərilməsində helikopterlərdən istifadəyə ehtiyac yoxdur. Onun sözlərinə görə, əhalisi çox olan böyük şəhərlərdə təcili tibbi yardım üçün helikopterlərdən istifadə edilmir. Bu xidmət sakinlərə maşınlarla göstərilir.

Qeyd edək ki, bu yaxınlarda Bakının Yasamal rayonu ərazisindəki Yeni Dairəvi Yolda yaranan güclü tıxac zamanı "Mercedes" markalı avtobusla 7 avtomobilin zəncirvari toqquşması nəticəsində dəhşətli qəza baş vermişdi. Hadisə nəticəsində avtobusda və iki avtomobildə yanğın baş vermiş, 2 nəfər ölmüş, 9 nəfər yaralanmışdı. Ölənlərdən birinin sükan arxasında yanmış cəsədi aşkarlanmışdı. Hadisə şahidlərinin dediyinə görə, yaranmış tıxacla əlaqədar təcili tibbi yardım maşınları hadisə yerinə gecikdikləri üçün zərərçəkənlərə tibbi yardımı tez bir zamanda göstərmək mümkün olmayıb.

Belə hallarda təcili tibbi yardımın helikopterlər vasitəsilə göstərilmə zərurətinə gəldikdə, Həmidov deyib ki, həmin zaman bu, qeyri-mümkün idi.

"Çünki hadisə 15-20 dəqiqə ərzində baş verib. Helikopterlərin isə belə qısa müddət ərzində hadisə yerinə çatması qeyri-mümkün olur", - baş həkim əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti