Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədə turizm fəaliyyəti ilə məşğul olan iş adamlarına "üçulduzlu" hotellər inşa etməyi tövsiyə edib.
Trend-in məlumatına görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bazar ertəsi Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşündə deyib ki, iş adamları daha cox regionlarda "dörd" və "beşulduzlu" hotellər tikməyə üstünlük verirlər.
"Lakin indi iş adamlarına artıq "üçulduzlu" hotellər tikməyi tövsiyə edirik. Çünki orta səviyyəli turistlərin də gəlib həmin hotellərdə qala bilməsinə şərait yaratmalıyıq", - şöbə müdiri əlavə edib.
İsmiyev deyib ki, Azərbaycanda fəaliyyət göstərən hotel və istirahət mərkəzlərinə müəyyən güzəştlərin tətbiq edilməsi məqsədilə layihələr hazırlansa da, onlar qəbul olunmayıb.
Şöbə müdiri onu da bildirib ki, "Turizm haqqında" yeni qanun layihəsi rəy bildirilməsi üçün Ümumdünya Turizm Təşkilatına göndərilib. Artıq ÜTT ekspertləri bu layihəyə rəy bildiriblər.
"Hazırda ÜTT ekspertlərinin səfərini gözləyirik. Biz tam Avropa standartlarına cavab verən qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim etməliyik", - İsmiyev deyib.
O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların 70 faizi lisenziya alıb.
İsmiyevin sözlərinə görə, hazırda ölkədəki mehmanxanaların sayı 508-dir.
Nazirlik rəsmisi deyib ki, mehmanxanaların lisenziya ala bilməməsinin səbəbi sənəd çatışmazlığıdır.
"Mehmanxanalar ona görə lisenziya ala bilmirlər ki, onların müəyyən sənədləri çatmır. Əgər hansısa hotelin tələb olunan müəyyən sənədi yoxdursa, o hotel istismar üçün yararlı sayılmır", - İsmiyev deyib.