Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycanda dumanlı, küləkli və yağmurlu hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 23-də gün ərzində buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9, gündüz 10-14 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında noyabrın 23-də bəzi yerlərdə duman, çiskin olacağı, cənub rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 10-15, dağlarda gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
Noyabrın 23-də Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
Noyabrın 24-25-də atmosfer təzyiqinin xeyli enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.