...

Azərbaycanın istedadlı və yaradıcı gənclərinin mövcud durumu və perspektivləri müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2012 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda istedadlı və yaradıcı gənclərin II Respublika toplantısı öz işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirin əvvəlində Azərbaycan gənclərinin uğurlarını əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu cür toplantıların gənclərin həyatında mühüm rolu var. "İlk belə toplantı 2007-ci il də keçirildi və o zamandan bu günə qədər gənclərin həyatında baş verən inkişaf və tərəqqi hər kəsin gözü önündədir", - Babayev deyib.

O qeyd edib ki, bu inkişaf həm dövlət dəstəyi nəticəsində, həm də gənclərin özləri üzərində işləməsi nəticəsində baş verib.

Sonra tədbirdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev toplantının yaradıcı gənclərin fəaliyyəti üçün səmərəli tədbir olduğunu qeyd edərək bildirib ki, o yerdəki yaradıcılıqdan söhbət gedir, orada keyfiyyətli əsərlər, keyfiyyətli iş üzə çıxmalıdır.

"Bu gün müstəqil Azərbaycanda yaşayan hər bir gəncin uğuru müstəqil Azərbaycan mədəniyyətinin uğurudur", - Əfəndiyev qeyd edib.

Daha sonra tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bu toplantının Azərbaycan üçün yadda qalan və uğurlu olacağına əminliyini vurğulayıb: "Çünki ulu öndərin dediyi kimi, yüksək mədəniyyətə layiq olan xalq hər zaman irəli gedəcək. 20 il ərzində Azərbaycanda yaradıcı gənclər üçün böyük imkanlar yaradılıb".

Rəhimov deyib ki, son illərdə Azərbaycanı təmsil etmək üçün yüzlərlə gənc xaricə ezam olunur, yeni-yeni kinoteatrlar tikilir və istedadlı insanlar üçün təqaüdlər verilir.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün çox uğurla davam etdirilir. Çünki ölkə Prezidenti İlham Əliyev də gələcəyə nikbinliklə baxır.

"Bununla da ölkəmizdə güclü və istedadlı gənc nəsil formalaşır və inkişaf edir. Nazirliyin nəzdində 70 min gənc incəsənətlə məşğul olaraq bu peşənin sirlərini öyrənir. Bu gün bu tablolarda yazılan moda, rəqs, kino, foto sözləri elə bu forumu istiqamətləndirən başlıca amillərdən sayılır. Mədəniyyət və Turizm Nazirliyi gənclərə hər zaman dəstək verməyə hazırdır", - Qarayev deyib.

Qeyd edək ki, toplantı noyabrın 26-dan 30-dək davam edəcək. Toplantı çərçivəsində noyabrın 27-də təsviri və dekorativ tətbiqi sənət, foto, moda; noyabrın 28-də kino, teatr və ədəbiyyat; noyabrın 29-da musiqi və rəqs; noyabrın 30-da isə intellektual inkişaf, təhsil, elm və eləcə də jurnalistika istiqamətləri üzrə iclaslar keçiriləcək.

Bundan başqa, toplantı günlərində müxtəlif sahələr üzrə bir çox əcnəbi və yerli mütəxəssislərin iştirakı ilə master-klassların təşkili nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti