...

AMEA doktorantura üçün hökumətdən əlavə plan yerləri istəyə bilər

Cəmiyyət Materials 27 Noyabr 2012 11:13 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nazirlər Kabineti qarşısında fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün əlavə plan yerlərinin ayrılması məsələsini qaldıra bilər.
AMEA doktorantura üçün hökumətdən əlavə plan yerləri istəyə bilər

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nazirlər Kabineti qarşısında fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün əlavə plan yerlərinin ayrılması məsələsini qaldıra bilər. Bu barədə çərşənbə axşamı Trend-ə AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu məlumat verib.

Onun sözlərinə görə, ötən illərin təcrübəsi də qəbul imtahanları yekunlaşdıqdan sonra doktoranturaya qəbul üçün əlavə yerlərin ayrılmasına ehtiyac yarandığını göstərir.

"Təcrübə göstərir ki, adətən hər il əlavə yerlərin ayrılması lazım olur. Bu il də ehtiyac yaranarsa, əlavə yerlər istənilə bilər. Amma bu yerlərin sayı imtahan nəticələri bəlli olduqdan sonra müəyyənləşə bilər", - Abbasoğlu deyib.

Onun sözlərinə görə, əlavə yerlər ədəbiyyat, folklor, iqtisadiyyat, fəlsəfə sahələri üzrə istənilə bilər.

Abbasoğlu qeyd edib ki, AMEA-nın Rəyasət Heyətinin doktoranturaya qəbul olanların siyahısını dekabrın ortalarına kimi təsdiqləyəcəyi və bundan sonra doktoranturaya qəbulun nəticələrinin qüvvəyə minəcəyi gözlənilir. Yanvarın 1-dən isə dərslərə başlanacaq. Hazırda AMEA-nın elmi tədqiqat institutlarının Elmi şuralarında mövzular müəyyənləşdirilir.

Qeyd edək ki, bu il AMEA sistemindəki elmi təşkilat və müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə doktorantura üçün müəyyənləşdirilmiş 288 plan yerinə 345 nəfər sənəd verib. Onun 170-i əyani, 184-ü qiyabi təhsil forması üzrədir. Sənəd verənlərin 5-i əcnəbidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti