...

Azərbaycanlı mütəxəssislər gələn il gözlənilən zəlzələlərin təxmini yerini deyə biləcəklər

Cəmiyyət Materials 21 Dekabr 2012 16:29 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə birgə layihəsi çərçivəsində Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən stansiyaların fəaliyyəti nəticəsində artıq gələn ilin 1-ci yarısında gözlənilən zəlzələlərin təxminən harada baş verə biləcəyini demək mümkün olacaq.
Azərbaycanlı mütəxəssislər gələn il gözlənilən zəlzələlərin təxmini yerini deyə biləcəklər

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə birgə layihəsi çərçivəsində Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən stansiyaların fəaliyyəti nəticəsində artıq gələn ilin 1-ci yarısında gözlənilən zəlzələlərin təxminən harada baş verə biləcəyini demək mümkün olacaq. Bun barədə cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, zəlzələlərin lap dəqiq koordinatlarının müəyyənləşdirilməsi üçün uzun vaxt tələb olunacaq. Əliyev deyib ki, son zamanlar stansiyanın fəaliyyəti nəticəsində bu barədə verilmiş məlumatlar öz təsdiqini tapıb. Lakin bu məlumatları 100 faiz dəqiqliklə demək üçün stansiyaların sayını artımaq lazmdır.

Əliyev bildirib ki, hazırda Qum adası, Neftçala, Naftalan, Şirvan və Siyəzəndə stansiyalar fəaliyyət göstərir. Yaxın günlər ərzində AMEA-nın Naxçıvan bölməsinin iştirakı ilə Naxçıvanda anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən sayca 6-cı stansiyanın quraşdırılmasına başlanacaq. Ümumilikdə Naxçıvan Muxtar Respublikasında - Sədərəkdə, Böyük düz adlanan ərazidə, Nehrəmdə 3 stansiyanın quraşdırılması planlaşdırılır. Naxçıvanda ilk stansiya Sədərəkdə quraşdırılacaq. Bununla yanaşı, 1 stansiyanın Zaqatala-Qax-Balakən zonasında, 1-nin Astarada, 1-nin isə Qazaxda quraşdırılması nəzərdə tutulur. Yeni stansiyaların bir hissəsinin quraşdırılmasının gələn ilin ilk yarısında yekunlaşdırılması planlaşdırılır.

"Stansiyanın sayı artdıqdan sonra biz çox böyük dəqiqliklə deyə biləcəyik ki, hansı regionda 20 saatdan sonra zəlzələ olacaq. Biz zəlzələnin dəqiq yerini müəyyən edəndən sonra onun maqnitudasını da tapa biləcəyik", - institut direktoru deyib.

O bildirib ki, quraşdırılmış stansiyalar Azərbaycan, Təbriz də daxil olmaqla, İranın cənubu, Türkiyənin cənubu, Xəzər dənizi, ona yaxın ərazilər, o cümlədən Türkmənistanın müəyyən hissəsində anomal seysmik proseslərin monitorinqini aparmağa imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti