...

Azərbaycanda zəlzələ və qrunt sularının vurduğu zərəri çox az xərclə aradan qaldırmaq olar

Cəmiyyət Materials 26 Dekabr 2012 13:15 (UTC +04:00)
Azərbaycanda yaşayış binalarının seysmodayanıqlığının monitorinqi sayəsində zəlzələlərin və qrunt sularının binalara vurduğu zərər vaxtında aşkarlamaq və çox az xərclə bu zərəri aradan qaldırmaq olar.
Azərbaycanda zəlzələ və qrunt sularının vurduğu zərəri çox az xərclə aradan qaldırmaq olar

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yaşayış binalarının seysmodayanıqlığının monitorinqi sayəsində zəlzələlərin və qrunt sularının binalara vurduğu zərər vaxtında aşkarlamaq və çox az xərclə bu zərəri aradan qaldırmaq olar. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Kibetnetika İnstitutunun direktoru Telman Əliyev deyib.

Onun sözlərinə görə, binanın seysmodayanıqlığı vaxtında öyrənilsə, onun vəziyyətindən asılı olaraq, bünövrəni vaxtında bərkitmək və digər qabaqlayıcı tədbirlər görmək olar. Bununla da binanın uçmasının qarşısı alınar.

Əliyev bildirib ki, Azərbaycanda yaşayış binalarının seysmodayanıqlığını daim nəzarətdə saxlamaq çox mühümdür.

Onun sözlərinə görə, Bakıda çox yaraşıqlı, etibarlı binalar tikilir. Ancaq ildə bir neçə dəfə 3 və ondan bir qədər yuxarı bal gücündə zəlzələlər baş verir. Eyni zamanda, Bakıda yerin altında qrunt suları olur, müəyyən ərazilərdə yağış suları toplanılır. Bütün bunlar isə binaların bünövrəsinə müəyyən qədər təsir göstərərək onları deformasiya edir. Əliyev hesab edir ki, zəlzlələ, qrunt suları olmasa, binaya heç nə olmaz. Buna görə də baş vermiş zəlzələrdən sonra binaların seysmodayanıqlığının yoxlanılması lazımdır.

İnstitut direktoru bildirib ki, bu məqsədlə dünyada binaların seysmodayanıqlığının monitorinqini aparan sistemlərin qurulması üzrə məşhur olan Panamanın OSOP şirkəti ilə layihə hazırlanması nəzərdə tutulur. Artıq Azərbaycan hökuməti bu layihənin hazırlanmasını müsbət qarşılayıb. Bu günlərdə isə Kibernetika İnstitutu OSOP şirkəti ilə əməkdaşlıq barədə memorandum imzalayıb. Memorandumda yüksək binaların seysmodayanaqlılığının monitorinqi üçün robast-noise monitorinq texnologiyalardan istifadə etməklə proqram-texniki komplekslərin yaradılması və tətbiqi sahəsində əməkdaşlıq nəzərdə tutulub. Bədbəxt hadisələrin təsirinin azaldılması üçün ilkin xəbərdarlıq sistemlərinin proqram-texniki təminatını yaradan OSOP şirkətinin təklif etdiyi sistemlər bir çox ölkələrdə tətbiq olunur.

Binaların seysmodayanıqlığına nə zamandan nəzarət edilməsinin mümkünlüyünə gəldikdə, Əliyev deyib ki, məsələ elmi-nöqteyi nəzərdən həll olunub. Bunun nə zamandan reallaşacağını isə indi demək çətindir. Bu layihə həyata keçirilməmişdən əvvəl çox ciddi ekspertizadan keçirilməlidir. Ona görə də onun tez bir zamanda həyata keçiriləcəyi gözlənilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti