Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir M.Əliyev/
Azərbaycanda 2013-cü il "Gənclər Paytaxtı"nın seçilməsi üçün səsverməyə start verilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, gənclər www.genclerpaytaxti.az saytına daxil olaraq səsvermə yolu ilə "Gənclər Paytaxtı 2013"-ü seçə bilərlər.
Səsvermə 31 yanvar 2013-cü il tarixinə kimi davam edəcək. Gənclər paytaxtının adı rəsmi olaraq 2 Fevral - Azərbaycan Gəncləri Günü elan ediləcək.
Xatırladaq ki, 2012-ci ildə 1 milyon 700 mindən artıq istifadəçinin iştirakı ilə keçirilən səsvermə nəticəsində Gəncə şəhəri "Gənclər Paytaxtı" elan olunmuşdu.
1 il müddətinə seçilən "Gənclər Paytaxtı"nda gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin etmək, onların intellektual və yaradıcılıq potensialını artırmaq əsas şərtlərdən biridir. Bu seçim gənclərin imkan və bacarıqlarının nümayişinə, ideya və təşəbbüslərin reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verir.
Azərbaycanın "Gənclər Paytaxtı"nın seçimində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər. Qeyd edək ki, bir kompüterdən yalnız bir nəfər (bir şəhər və ya rayona) səs verə bilər. Hər verilən səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır.
2013-cü ildə Azərbaycanın "Gənclər Paytaxtı"nın səsvermə siyahısına əhalisi 50 min və daha yuxarı olan şəhər və rayonlar daxil edilib. Səsvermə siyahısında onlar əlifba sırasına görə ardıcıllıqla düzülüb.