Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda övladlığa verilən uşaqların sonrakı həyat şəraitinə nəzarətin gücləndirilməsi üçün ailə və müvafiq orqanlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə uşaqlar 18 yaşına catana qədər hesabat verməli olacaqlar.
Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Mövsümova çərşənbə günü Trend-ə bildirib ki, uşaqların övladlığa verilməsi prosedurunu daha da təkmilləşdirmək üçün "Uşaqların övladlığa verilməsi və onların sonrakı həyat şəraitinə və tərbiyəsinə nəzarətin həyata keçirilməsi haqqında" qaydalar layihəsini hazırlayıblar. Layihə rəy və təkliflərin alınması üçün müvafiq qurumlara təqdim edilib. Layihəyə təkliflər açıqlandıqdan sonra sənədin Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.
Mövsümova deyib ki, övladlığa götürülərkən uşağın həyat şəraiti haqqında 3 il ərzində hər 6 aydan bir ailə və mərkəzi orqan tərəfindən komitəyə hesabat verilməlidir. Ancaq yeni qaydalarda bu məsələ bir qədər də təkmilləşdirilib.
Yeni qaydalarda 3 ildən sonra övladlığa götürülən uşaqlar barəsində ildə bir dəfə olmaqla hesabat verilməlidir. Həmin uşaqların yaşı 18-ə çatana qədər bu hesabatlar təqdim edilməlidir. Bundan başqa, indiyədək uşaqlar ailələrə uyğun seçilirdi.
"Məsələn, ailə deyirdi ki, mənə qız və ya oğlan lazımdır, gözünün rəngi, saçının rəngi belə olsun. Ancaq yeni qaydalarda uşağın tələblərinə uyğun ailələrin seçilməsi, axtarılıb tapılması öz əksini tapır", - sektor müdiri deyib.
O bildirib ki, ümumilikdə yeni qaydalar Ailə Məcəlləsinin övladlığa götürülmə haqqında müddəalarından, Uşaq Hüquqları haqqında Konvensiyadan, Uşaqların Müdafiəsi və Ölkələrarası Övladlığa Götürülmə haqqında Haaqa Konvensiyasından irəli gələrək övladlığa götürülmənin uşağın mənafeyinə uyğun şəkildə yerinə yetirilməsini təmin edir. Bu qaydalar həm Azərbaycan, həm də xarici ölkə vətəndaşları tərəfindən övladlığa götürülmə məsələlərini tənzimləyir.
Mövsümova deyib ki, ötən il də 2011-ci ildə olduğu kimi, 8 uşaq xarici vətəndaşlara övladlığa verilib. 2011-ci ildə uşaqların 4-nü, 2012-ci ildə isə 6-nı Rusiyada yaşayan azərbaycanlılar övladlığa götürüb. 2012-ci ildə 1 uşağı türk əsilli ABŞ vətəndaşı, 1 uşağı müsəlmanlığı qəbul edən Avropa vətəndaşı övladlığa götürüb. Ötən il övladlığa verilən uşaqların 6-sı qız, 2-si oğlandır.
Mövsümova deyib ki, komitə tərəfindən uşaqların Azərbaycan Respublikasının vətəndaşlarına verilməsi üstün tutulur. Uşaqlar yalnız o halda əcnəbilərə övladlığa verilir ki, onlar dəfələrlə Azərbaycan ailələrinə təqdim olunur, ancaq onların övladlığa götürülməsindən imtina edilir. Ötən il türk əsilli ABŞ vətəndaşına təklif olunan uşaq Azərbaycan ailələrinə təqdim edilib, ancaq anadangəlmə qüsurları olduğundan onu qəbul edən olmayıb.
"Ancaq həmin ailə bu uşağı qəbul etdi və onun plastik əməliyyat etdirməyə çalışırlar. Həmin uşaq dovşan dodaqdır. Avropa ailəsinə gedən uşaq da dəfələrlə Azərbaycan ailələrinə təklif edilmişdi, ancaq ondan imtina edilmişdi", - sektor müdiri deyib.
O qeyd edib ki, ölkələrarası övladlığa götürülmə zamanı bütün hallarda uşağın mənafeyi üstün tutulur. Ailələrə uyğun uşağın deyil, uşaqlara uyğun ailələrin seçilməsi meyarları əsas götürülür.