Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu Nazirlər Kabinetinə Bakının sürüşmə zonalarındakı çoxmərtəbəli binaların seysmodayanıqlığının dəyişməsinin gizli dövrünün monitoqininin aparılmasını təklif edib.
İnstitutun direktoru Telman Əliyev cümə axşamı Trend-ə deyib ki, bu işə ilk növbədə Nəriman Nərimanovun heykəlinin ətrafında yerləşən binalardan başlamaq lazımdır. Bunun üçün həmin ərazidəki binaların bir neçəsində lokal sistemlər quraşdırılmalıdır.
Əliyevin fikrincə, bu işdə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi, "Sinam" şirkəti və bır sıra xarici şirkətlər iştirak etməlidirlər.
Onun sözlərinə görə, institutun seysmik təhlükəsizliyin təmini ilə bağlı iki layihəsi var. Onlardan biri ölkə ərazisində anomal seysmik proseslərin monitorinqini aparan stansiyalar şəbəkəsinin qurulması, digəri isə Bakı şəhərində zəif zəlzələlərdən sonra hündür binaların seysmodayanıqlığının dəyişməsinin gizli dövrünün monitoqinin aparılmasıdır.
"Ölkəmizin seysmik təhlükəsizliyi sistemi ilə bağlı bu iki layihə birgə icra edilməlidir. Çünki hər iki layihənin məqsədi zəlzələnin vurduğu zərəri minimuma endirməkdir. Bu layihələrin hər ikisinə hökumət çox yaxşı münasibət bəsləyir. Artıq bunların müzakirəsi aparılıb", - Əliyev deyib.
O qeyd edib ki, bu iki layihə böyük olduğu üçün görülməsi nəzərdə tutulan işlər 4 mərhələyə bölünüb. İlk mərhələdə 5 stansiyanın bir-biri ilə əlaqələndirilməsi və monitorinq sisteminin qurulması, zəlzələ ocağının yerinin təyin edilməsi, Bakı şəhərində zəif zəlzələlərdən sonra sürüşmə zonalarındakı hündür binaların seysmodayanıqlığının dəyişməsinin gizli dövrünün monitorinqinin aparılması məsələləri var", - Əliyev deyib.
O əlavə edib ki, artıq ilk məhələdə nəzərdə tutulan işlərin çox hissəsi görülüb. Buna uyğun olaraq, Azərbaycanda anomal seysmik proseslərin monitorinqini aparan 5 stansiya qurulub və onların fəaliyyəti təmin edilib. Hazırda bu stansiyaların köməyi ilə zəlzələ ocağının yerinin müəyyənləşdirilməsi üçün işlər aparılır.