Azərbaycan, Bakı, 18 yanvar /Trend/
20 Yanvar - Ümummilli hüzn günü ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyində şəhidlərin xatirəsinin anım mərasimi keçirilmişdir.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İqtisadi İnkişaf Nazirinin müavini Niyazi Səfərov çıxış edərək, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırlatmışdır. Qeyd edilmişdir ki, daim xalqının yanında olan xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlmiş, ağır günlərdə Azərbaycanın haqq səsini ilk dəfə Moskvadan ucaltmış, həyatını təhlükə qarşısında qoyaraq, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə ittiham etmiş, 20 Yanvar hadisəsini mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirmiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Məhz Ümummilli Liderimizin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir.
Ulu Öndərimizin siyasi kursunu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə mühüm qərarlar qəbul edilir.
Tədbirdə əsasən Nazirliyin gənc əməkdaşlarının iştirakı nəzərə alınaraq 20 Yanvar hadisələri barədə geniş məlumat verilmiş, 1990-cı ilin 20 Yanvarının Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğu vurğulanmışdır. Xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi heç bir zaman unudulmayacaq, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi Azərbaycansevərlərin qəlbində daim yaşayacaqdır.
Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr olunmuş "Müqəddəs məkan" filmi nümayiş olunmuşdur.