Azərbaycan, Bakı, 29 yanvar /Trend/
IDEA kampaniyası çərşənbə axşamı "Beynəlxalq nüvə müharibəsi əleyhinə səfərbərlik günü" ilə əlaqədar seminar keçirib. 30-dan artıq tələbənin iştirak etdiyi seminar Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində baş tutub.
Tədbirdə ekspert qismində AMEA-nın Radiasiya Problemləri İnsitutunun laboratoriya rəhbəri, "Rüzgar" İctimai Birliyinin sədri, kimya elmləri doktoru, professor İslam Mustafayev iştirak edib.
İnteraktiv formada keçirilmiş və gənclərin maraqlı müzakirələri ilə yadda qalan tədbirdə qeyd olunub ki, ətraf mühitdə mənfi proseslərin ortaya çıxmasında, o cümlədən bir çox problemlərin yaranmasında nüvə enerjisinin istehsalı zamanı atılan tullantıların xüsusi rolu mövcuddur.
Qeyd olunan günün tarixinə dair bildirmək istərdik ki, 1985-ci ildə Delhi şəhərində keçirilən beynəlxalq konfransda qəbul olunub. Bu tarixdə dünyanın bir çox ölkələrində nüvə muharibəsinin yaratdığı ekoloji və sosial fəsadlarla bağlı tədbirlər təşkil olunur, həmçinin nüvə qurbanlarının xatirəsi anılır.
Xatırladaq ki, ekoloji maarifləndirməni daima fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq rəhbər tutan IDEA Kampaniyası 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.
Kampaniyadan verilən məlumata görə, növbəti həftələrdə də muhazirələrin davamı və müxtəlif ərazilərə ekskursiyaların təşkili gözlənilir.